Azərbaycan Xəbərlər Xidməti
Elçin Mehdiyev - Trend:
Müsavat Partiyası Divanının başqanlığa keçmiş namizəd, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilat komitəsinin sədri Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsi barədə ötən gün verdiyi qərar partiya daxilində yeni çaxnaşma və ittiham dalğası yaratdı.
Beləliklə, partiyanın ötən il sentyabrın 27-də keçirilmiş VIII qurultayından sonra yaranmış gərginlik indiyə qədər Müsavat tarixində görünməmiş həddə gəlib çıxdı. Son qurultaydan sonra Müsavat sözün əsl mənasında öz tarixinin ən acınacaqlı dövrünü yaşayır.
Bütün bunların səbəbi isə elə Müsavat Partiyasının tanınmış üzvlərinin bəyan etdiyi kimi, yeni başqan seçkilərində yol verilən saxtakarlıqlardır. Müsavat Partiyasının yeni rəhbərliyi qurultaydan sonra yaranmış bu gərginliyi söz azadlığı və demokratiyanın ifadəsi kimi qələmə verməyə çalışırdı. Yeni başqan Arif Hacılı yaranmış vəziyyətlə bağlı mətbuata açıqlama verərkən bəyan edirdi ki, Müsavat demokratik partiyadır və hər bir üzv öz fikrini sərbəst şəkildə söyləyə bilər. Ancaq nədənsə sonradan öz azad fikirlərini söyləyən üzvlərin repressiyasına start verildi.
Görünür, yeni rəhbərlik əvvəlcə bu cür bəyanatlar verməklə həm cəmiyyətdə Müsavatın demokratik partiya olduğu görüntüsü yaratmaq, həm də yaranmış gərginliyi partiya daxilində yatırtmaq məqsədi güdürdü. Amma bu plan baş tutmadı. Partiya rəhbərliyi B planına keçməli oldu və narazı üzvləri zərərsizləşdirməyə başladı.
Partiya rəhbərliyi bu planı da uğurla həyata keçirə bilmədi. Belə ki, üzvləri sıradan çıxarmaq üçün tutarlı arqumentlər lazım idi, lakin bu cür arqumentlər olmadığı üçün saxta ittihamlara əl atıldı. Müsavat Partiyasının tanınmış üzvlərindən olan Vurğun Əyyub bu ittihamları eynilə 1937-ci ildə repressiya dövründə irəli sürülən ittihamlara bənzətdi.
Qubad İbadoğlu isə baş verənləri kabus adlandırdı: "Bu gün Müsavat Partiyasında bir kabus dolaşmaqdadır. Bu kabusun adı avtoritarizmdir. Bu kabusun adı müstəqil fikirləşənin, düşündüyünü deyənin "dilini kəsmək siyasətidir". Bu kabusun adı Müsavatı manqurtlaşdırmaq cəhdidir".
Bu gün Müsavat Partiyasında yaranmış vəziyyətin sonu olduqca qaranlıq görünür. Bir tərəfdə Müsavatın narazı üzvlər tərəfindən saxtakar adlandırdığı rəhbərliyi, bir tərəfdə partiyadan saxta ittihamlarla uzaqlaşdırılan, lakin öz yollarından dönməyəcəklərini bəyan edən üzvlər, digər tərəfdə isə partiya daxilində fraksiya yaratmağa çalışan narazı üzvlər. Gözləyək görək bunun sonu nə ilə bitəcək.
Nə ilə bitməsindən asılı olmayaraq Müsavat Partiyası və onun timsalında Azərbaycan müxalifəti xalqın, cəmiyyətin gözündən tamamilə düşmüş oldu. Cəmiyyətin bundan sonra bu cür müxalifətə etimad göstərəcəyi artıq bir xəyala çevrilmiş oldu. Çünki öz daxilində razılığa gələ bilməyən bu cür müxalifət xalqı fəlakətə aparmaqdan başqa bir iş görə bilməz.