Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Elçin Mehdiyev/
Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairə seçki komissiyalarının (DSK) tərkibinə dəyişiklik edib. Trend-in məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib.
Məsələ barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin DSK-ları buraxılıb.
O bildirib ki, Seçki Məcəlləsinin tələbinə görə həmin DSK-ların tərkibi yenidən formalaşdırılmalıdır. A.Muxtarova bu üç DSK-nın yeni tərkibinin MSK-da parlamentdəki bitərəf, çoxluq və azlığın təmsilçiləri arasında razılaşdırıldığını bildirilib.
Daha sonra həmin DSK-ların üzvlüyünə namizədlər səsverməyə çıxarılıb və onların yeni tərkibi təsdiqlənib.