...

Napoleonluq etmək sevgisinə düşən "ağıllı" Ohanyan

Siyasət Materials 27 Fevral 2015 21:30 (UTC +04:00)
Ermənistanın müdafiə naziri Seyran Ohanyan “ağıllı” müsahibələrinə birini də əlavə edib. O, bu dəfə tanınmış hərbi sərkərdələrin müharibə sahəsində fikirlərinin nə qədər düzgün və ya yanlış olduğunu söyləyəcək qədər “ağıllanıb”, təbii ki, Ermənistana sərf edəcək formada.
Napoleonluq etmək sevgisinə düşən "ağıllı" Ohanyan

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Ermənistanın müdafiə naziri Seyran Ohanyan "ağıllı" müsahibələrinə birini də əlavə edib. O, bu dəfə tanınmış hərbi sərkərdələrin müharibə sahəsində fikirlərinin nə qədər düzgün və ya yanlış olduğunu söyləyəcək qədər "ağıllanıb", təbii ki, Ermənistana sərf edəcək formada.

Ermənistan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi ilə bağlı sualı cavablandıran Ohanyan italyan general Culio Duenin havada hökmranlığın müharibədə həlledici ola biləcəyinə dair fikirlərini mübaliğə adlandırıb. Ohanyanı başa düşmək olar. Axı ötən ilin noyabrında Azərbaycanın vurduğu Ermənistana məxsus hərbi helikopter, eləcə də bu ilin yanvarında pilotsuz uçuş aparatını məhv etməsi erməni müdafiə nazirini özünü "ağıllı" kimi göstərməyə vadar edib.

Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsini üstələdiyinin xatırlandığı müsahibədə Ohanyan bu dəfə Napoleonun müharibədə uğurun şəxsi xarakteristika və qarşılıqlı münasibətlərdən asılı olması barədə fikrini xatırladıb. Canlı və hərbi texnika baxımından Azərbaycanın Ermənistanı üstələdiyini etiraf edən müdafiə naziri hələ də 90-cı illərin əvvəllərindəki eyforiya ilə yaşayır. Napoleonluq etmək sevgisinə düşən nazir unudur ki, həmin vaxt Azərbaycan torpaqlarının işğalı erməni əsgərlərin "rəşadəti" sayəsində deyil, məhz Rusiyanın birbaşa dəstəyi sayəsində mümkün olub. Erməni əsgərin "rəşadəti" yalnız Mübariz İbrahimov kimi qəhrəmanların cəsədləri üzərində "kişilənmələri" ilə kifayətlənir.

Əslində, Ohanyan erməni hərbçilərdan daha çox Rusiya əsgərinə güvənir. Onun Dağlıq Qarabağda irimiqyaslı müharibə baş verəcəyi təqdirdə, Rusiyanın Ermənistana kömək edib-etməyəcəyi ilə bağlı suala cavabı bunu təsdiq edir. Nazir iki ölkə arasında müxtəlif sahələrdə imzalanmış müqavilələrin Rusiyanın köməyini zəruri etdiyini deyib.

O bunu söyləməklə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini dolayısilə təsdiqləyir və "müstəqil" Dağlıq Qarabağın oyuncaq qurum olduğunu etiraf etmiş olur. İşğala məruz qalan Ermənistan deyil ki, Rusiya köməyə gəlsin. Üstəlik, müharibə Azərbaycan ərazisində gedir. Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı Dağlıq Qarabağı subyekt kimi qəbul etməyib. Ohanyan rus əsgərinə çox da güvənməsin. Rusiyanın Ermənistanın xahiş və yalvarışlarını nəzərə almadan Azərbaycana silah satması da bu ölkənin Moskva yanında dəyərinin nə dərəcədə olduğunun göstəricisidir. Üstəlik, əgər Ermənistan hərbi sahədə bu qədər güclüdürsə, niyə ərazisində Rusiya hərbi bazası yerləşir? Niyə bu ölkənin sərhədlərini rus əsgərlər qoruyur?

Ohanyan müsahibəsində daha bir etirafa imza atıb. Müdafiə naziri ilk dəfə birbaşa olaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməyə cəhd edərkən məhv olunan "Mi-24" hərbi helikopterinin Ermənistana məxsus olduğunu etiraf edir.

"Ermənistan Hərbi Hava Qüvvələrinin "Mi-24" helikopteri ilə bağlı insidentdən sonra sərhədyanı uçuşları davam etdirəcəkmi" sualına cavab verən nazir deyir ki, onlar "tədbirlər kompleksinin tərkib hissəsidir... BİZİM HELİKOPTERLƏ bağlı ötənilki insident həmin tapşırıqları yerinə yetirmək niyyətimizə heç cür təsir etməyəcək".

Yoldaş nazir, bu qədər uzun müddətə "əzilib-büzülməyə" dəyərdimi?

Ohanyanın Ermənistan ordusunun münaqişədə nisbi sülhün "təminatçısı" və Azərbaycan ordusu ilə müqayisədə "güclü" olması fikrinə gəlincə: Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamasının tək səbəbi ona xaricdən göstərilən dəstəkdir. Ermənistanın müharibədə Azərbaycanın qarşısına təkbaşına çıxmağa nə gücü çatır, nə də ürəyi. Azərbaycanın müharibəyə başlaması onun təbii haqqıdır. Və 1994-cü ildən bəri regionda irimiqyaslı müharibənin başlamamasının digər səbəbi də Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək istəyidir.

Son zamanlar qoşunların təmas xəttində baş vermiş hadisələr zamanı Ermənistan ordusu zərbə dalınca zərbə aldı. Ohanyan döyüş meydanında aldığı məğlubiyyətləri "ağıllı" müsahibələr verməklə öz aləmində kompensasiya edir. Görünür, Azərbaycan ordusu gücünü nəinki erməni əsgərlərə, həm də onları bu torpaqlara ölümə göndərən Ohanyana da hiss etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti