Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir Elçin Mehdiyev/
"Freedom House" və bu qəbildən olan bir neçə beynəlxalq təşkilatın Azərbaycanda və Türkiyədə azad media və vətəndaş cəmiyyəti ilə bağlı keçirmək istədikləri tədbir bu ölkələrə təzyiq vasitəsindən başqa bir şey deyil. Bu barədə Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev qeyd edib ki, bu təşkilatlar birinci dəfə deyil ki, guya Azərbaycanda və Türkiyədə söz və mətbuat azadlığının, insan hüquqlarının pozulduğunu iddia edirlər: "Bunların iddialarının hamısı cəfəngiyyatdır. Biz Türkiyənin də, Azərbaycanın da mətbuat həyatı ilə yaxından tanışıq. Əgər bir ölkədə yüzlərlə qəzet çap olunursa, yüzlərlə xəbər saytı fəaliyyət göstərirsə, yüzlərlə ictimai-siyasi təşkilat və QHT varsa, orada hansı söz və mətbuat azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilər?"
Millət vəkili bildirib ki, dünyanın əksər ölkələrində Azərbaycandakı və Türkiyədəki qədər qəzet çap olunmur, bu qədər xəbər saytları, informasiya vasitələri yoxdur: "Əgər bu gün hər hansı bir informasiya vasitəsində çalışan jurnalist öz sözünü açıq deməyi bacarırsa, iqtidarı tənqid edə bilirsə, ölkədə və dünyada gedən ictimai-siyasi proseslərə öz fikrini bildirirsə, orada söz və mətbuat azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilərmi? Əlbəttə, gedə bilməz. Çox adamlar var ki, mətbuat azadlığını əllərində bir sipər ediblər, insanları təhqir edirlər, dövlətlərin əleyhinə qarayaxma kampaniyası aparırlar".
T.Rzayev deyib ki, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsindədir, bu il parlament seçkilərinin keçirilməsi ilidir: "Bunlar istəyirlər ki, bu ərəfədə bu tədbiri keçirməklə yenidən şantaja əl atsınlar".
Millət vəkilinin sözlərinə görə, digər tərəfdən, müsəlman ölkələrinin inkişafı bu təşkilatların havadarlarının maraqlarına xidmət etmir: "Türkiyə bu gün dünyada iqtisadi və siyasi cəhətdən inkişaf edən, beynəlxalq aləmdə tanınan və gündən-günə nüfuzu artan bir dövlətdir. Artıq Türkiyə beynəlxalq proseslərə yaxından qoşulan, dünyada baş verən hadisələrə münasibət bildirən və bu mövqeyində möhkəm dayanan bir dövlətdir. Eləcə də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri oldu, bu Şuraya sədrlik etdi, bir çox mötəbər beynəlxalq tədbirlər Azərbaycanda keçirilir, Azərbaycan artıq dünyanın bir çox qabaqcıl ölkələri sırasındadır. Türkiyənin və Azərbaycanın inkişaf etməsi bu qüvvələrin marağında deyil. Ona görə də bu cür tədbirlər keçirməklə hər iki ölkənin nüfuzuna xələr gətirməyə çalışırlar".