...

Azay Quliyev: "Təbii ki, susacaqlar, axı bu hadisələr Azərbaycanda baş vermir"

Siyasət Materials 19 Mart 2015 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

"Freedom House", "Amnesty International" və "Human Rights Watch" kimi təşkilatların qərəzli mövqeyi və antiazərbaycan dairələrin sifarişini yerinə yetirdiyi hər kəsə məlumdur. Bunu Trend-ə açıqlamasında millət vəkili Azay Quliyev deyib.

O, qeyd edib: "Bu təşkilatlar haqqında islamofobiya xəstəliyinə yoluxmuş və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək bizə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirən, sifarişlə hərəkət edən qurumlar obrazı artıq çoxdan formalaşıb. Bu təşkilatlar Avropada və ABŞ-da dini, irqi diskriminasiyanı, rasizmi, neonasizmi və insan hüquqlarının kütləvi şəkildə pozulmasını görməyən və yaxud görmək istəməyənlərdir. Sanki miqrantlara, qaradərili insanlara qarşı millətçilər tərəfindən hücumlar Yunanıstan, Almaniya, Çexiya, Fransa, Polşada deyil, Azərbaycanda baş verir. Hücum azmış kimi, belə provokasiyalara polis müdaxilə etmir, onlarla bağlı məhkəmə və cinayət-axtarış prosesləri formal olaraq keçirilir"

A.Quliyev deyib ki, bu baxımdan Avropanın bir çox ölkəsində vəziyyət daha da ağırdır. Son günlər Almaniyada dinc nümayişçilərə aşırı gücun tətbiqi və onlara qarşı edilən zorakılıq isə Avropada insan hüquqları ilə bağlı vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir: "Bundan başqa, Avropa ölkələrində İslam dininin daşıyıcıları da təqiblərə məruz qalır, gündəlik həyat şəraitində təhqirlərlə, hətta fiziki zorakılıqlarla qarşılaşırlar. Məhz həmin inkişaf etmiş, insan hüquqlarından danışan ölkələrdə müsəlman qadınlar və kişilər geyimlərinə, fiziki görünüşlərinə görə iş tapmaqda çətinlik çəkirlər. Hüquq müdafiə təşkilatları isə susurlar. Təbii ki, susacaqlar, axı bu hadisələr Azərbaycanda baş vermir".

Millət vəkili Avropa Oyunları ilə bağlı səsləndirilən, yanlış, ictimaiyyəti çaşdıran fantastik rəqəmlərlə də bağlı fikir bildirib. O, hesab edir ki, belə şişirdilmiş rəqəmlərin göstərilməsi məqsədli şəkildə aparılan qərəz kampaniyasının tərkib hissəsidir: "Bu rəqəmlərin haradan götürülməsi, necə hesablanması ilə bağlı mütəxəssislər cavab veriblər. Mənim fikrimcə, bu, qərəzli və ictimai rəyi yanlış istiqamətə yönləndirmək üçün oynanılan cılız və mənasız bir oyundur. Buna görə də bu ittihamları heç kim ciddiyə almır".

A.Quliyev korrupsiya ilə mübarizədə Azərbaycanın apardığı siyasətdən söz açıb və Avropa ilə müqayisəli təhlil aparırb. Onun sözlərinə görə, Avropa Antikorrupsiya Agentliyinin məlumatında deyilir ki, Avropada korrupsiya halları görünməmiş həddədir. Qeyd olunur ki, əgər əvvəllər Avropa fondlarından milyonlarla vəsait mənimsənilirdisə, hazırda bu rəqəm milyardlarla ölçülür. Aİ ölkələri korrupsiyaya görə hər il 323 milyard avro itirirlər. Bu da Aİ-nin 2014-2020-ci illər büdcəsinin 1/3 hissəsini təşkil edir: "Avropa Komissiyası da rəsmi olaraq etiraf edib ki, Avropa strukturlarındakı korrupsiya halları lazımsız layihələrə silinən maliyyə vəsaitlərindən formalaşır. Məsələn, bir sıra ekspertlər Almaniyada, Biber şəhərində 470 min avroluq "Siçanlar üçün körpü" layihəsində və ya 2006-cı ildən tikilməkdə olan hava limanına xərclənən 6 milyard avroluq layihədə ciddi korrupsiya hallarının olduğunu açiq şəkildə qeyd edirlər". Millət vəkili bu xüsusda Almaniyanın sabiq Prezidenti Kristian Vulfun və Fransanın büdcə naziri Jer Kayuzak korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunmasını, Almaniyanın Yunanıstanı silahlandırma proqramına görə də Aİ-nin büdcəsindən milyardlarla maliyyə vəsaiti silməsi faktlarını xatırladıb.

O, qeyd edib: "Bir sözlə, Avropa və ABŞ heç də onların təqdim etdiyi kimi gözəl və şəffaf deyildir. Onlarda daha çox insan hüquqlarının pozulması hallarına rast gəlinir. Sadəcə onlarda baş verənləri dünyaya car çəkən QHT-lər, mətbuat yoxdur. Bu mənada "Freedom House", "Amnesty International" və "Human Rights Watch" kimi təşkilatların belə görməzlikdən gəlmələrini anlamaq elə də çətin deyil. Amma məsləhət görərdik ki, Azərbaycanın hazırlaşdığı qitə əhəmiyyətli tədbirə qara yaxmaqdansa, bir dəfə də olsun 1 milyon qaçqın və məcburi köçkünün 25 ildir pozulan öz evlərində yaşamaq və əmlak hüququndan da danışsınlar".

Yarışlara gəldikdə isə A.Quliyev deyib ki, Azərbaycan hər zaman beynəlxalq layihələrin ölkəmizdə keçirilməsini təşkil etməklə böyük təcrübə qazanıb və hər zaman da sınaqlardan üzüağ çıxıb: "Əminəm ki, Bakı-2015 Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən qitə miqyaslı böyük idman tədbiri Avropanın idman tarixinə Azərbaycan adına qızıl hərflərlə yazılacaq, bütün aidiyyəti qurumlar və şəxslər bu dəfə də haqqımızda ən müsbət fikirləri səsləndirəcəklər. Sizi əmin edirəm ki, kimin nə deməsindən asılı olmayaraq, hər şey gözlədiyimizdən də yaxşı olacaq. Biz bir Azərbaycan nümunəsi yaradacağıq".

TANAP layihəsinə toxunan millət vəkili bildirib ki, bu layihə Prezident İlham Əliyevin xarici iqtisadi siyasətinin uğurudur və indiki gərgin geopolitik dönəmdə Avropanın enerji təhülkəsizliyi baxımından seçilmiş ən doğru yoldur: "Cənab Prezidentin iradəsi ilə reallaşan bu layihə həm də ona görə uğurludur ki, Azərbaycan Avropaya sülh və əməkdaşlıq, təhlükəsizlik paketi təqdim edir. Bu paket isə Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinə mühüm töhfə verilməsi ilə yanaşı, tək Azərbaycanın deyil, həm də qardaş Türkiyənin önəmini artırır. Bu addım Azərbaycan dövlətinin maraqlarını enerji təhlükəsizliyi və regionda sülh və əməkdaşlığın genişləndirilməsi baxımından Avropanın və Qərbin mövqeləri ilə ustalıqla uyğunlaşdırmağı ilə də diqqət cəlb edir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın uğurlu enerji siyasəti nəticəsində ərsəyə gələn layihə siyasi, iqtisadi və sosial cəhətdən mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti