Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Elçin Mehdiyev/
"Milli Şuranın aksiyalar səviyyəsində apardığı prosesləri normal saymıram. Hesab edirəm ki, insanları küçələrdə bir-birilərinə qarşı qoyub mitinq, aksiyalar keçirməklə nəyisə irəli aparmaq olmaz". Bu barədə Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc Milli Şuranın aprelin 5-ə təyin olunan mitinqinə münasibət bildirərkən deyib.
Ə.Oruc qeyd edib ki, indi siyasi vəziyyət bir qədər fərqlidir: "Bu mitinqin təşkilatçıları 95-ci ildən parlamentdə "ana müxalifət" missiyasını yerinə yetirən və müxalifətin siyasətini müəyyənləşdirən adamlar idilər. Bu cərgədə uzun müddət biz özümüz də olmuşuq. O zaman bir milli demokratik hərəkət var idi. Lakin indiki siyasi vəziyyət bir qədər fərqlidir. Bir neçə nəfər var ki, bu 20 illik prosesdən yararlanıb və tədricən hansısa kənar qüvvələrin, böyük dövlətlərin əlində Azərbaycana təhdid və təzyiq vasitəsinə çevrilib. Əgər hakimiyyət movcud problemlərlə bağlı bir masa ətrafında oturub səninlə söhbət aparmağa hazırdırsa, dediklərini dinləyirsə və nə qədər mümkündürsə bunu yerinə yetirməyə söz verirsə, sən bu proseslərdən niyə kənar durursan? Məhsul stadionunda 3 min adamla aksiya keçirməklə nəyə nail ola bilərsən? 20 ildir bu bir nəticə vermir, əksinə müxalifətin vəziyyətini daha da çətinləşdirir. Bu, milli marağa da uyğun gəlmir. Müxalifət qüvvələri faktiki olaraq kənar dövlətlərin Azərbaycana qarşı təhdid vasitəsinə çevrilir. Buna görə də bu mitinq taktikasını davam etdirməyin zərurəti yoxdur".
Ə.Oruc qeyd edib ki, mitinq keçirənlər aldıqları sifarişləri yerinə yetirirlər: "Biz milli maraqlara uyğun şəkildə hakimiyyətlə dialoq aparanda isə şər-böhtan atırlar, gah bunu mandat bazarlığı kimi, gah da hakimiyyətin əlaltı partiyası kimi təqdim edirlər. Azərbaycanda kimin istənilən kənar qüvvənin əlində təhdid vasitəsinə çevrilmək istədiyi bəllidir. Bunun heç birinin ünvanı biz deyilik. Onlar əllərində olan mətbuat orqanları, süni yaradılmış resurslardan istifadə edərək ünvanımıza ağızlarına gələnləri söyləyirlər".
Ə.Orucov vurğulayıb ki, 20 ildir bu prosesin başında eyni adamlar dayanır: "Cəmiyyət nə qədər itirsə də, 20 ildə bu adamlar heç nə itirməyib, əksinə özlərinə maddi sərvət toplayıblar, bəzinin cangüdənləri, bahalı maşınları və s. var. Onların kimlərsə tərəfindən idarə olunduqları ortadadır. Hakmiyyət bu fikirdədir ki, ölkədəki məsələləri masa arxasında müzakirə etmək lazımdır və müxalifətin böyük əksəriyyəti də bu mövqeyi dəstəkləyir. Hesab edirəm ki, iqtidar-müxalifət arasında dialoq prosesi davam etdirilməli və Azərbaycanda kənar qüvvələrin təsiri aradan qaldırılmalıdır. Bu həm hakimiyyətə, həm də müxalifətə lazımdır".