Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Elçin Mehdiyev/
"Hər şeydən əvvəl, müraciətdə yer alan fikirlər yanlış olub, reallığı əks etdirmir. Çünki müraciətin altında imzası olanlardan iki nəfər azərbaycanlının Azərbaycan dövlətinə olan mənfi baxışları hamıya məlumdur".
Bunu Trend-ə Azərbaycanda guya insan haqlarının pozulmasına dair ABŞ-ın dövlət katibi Con Kerriyə göndərilən açıq məktubu şərh edərkən Milli Məclisin deputatı, AMEA Dünya Siyasəti İnstitutunun direktoru Musa Qasımlı deyib.
M.Qasımlı bildirib ki, belə bir müraciətin konkret məqsədləri var - Azərbaycan dövlətini gözdən salmaq, Azərbaycan-ABŞ münasibətlərini korlamaq: "İki ölkə arasında münasibətlərin korlanmasından hansı dövlətlər udacaq? Məncə, hər şey aydındır. QHT-lərin bəzi konqresmenləri öz təsirləri altına almaları, Bakı və Vaşinqton arasında münasibətləri pozmaq və ya soyuqlaşdırmaq cəhdləri bir nəticə verməyəcək. Azərbaycan və ABŞ-ı bir çox ortaq maraqlar birləşdirir. Münasibətlərin soyuqlaşması tərəflərin heç birinin mənafelərinə uyğun deyil".