...

Əli Əhmədov: YAP parlament seçkilərinə böyük inamla gedir (FOTO)

Siyasət Materials 30 May 2015 15:07 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.
Əli Əhmədov: YAP parlament seçkilərinə böyük inamla gedir (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Trend hakim partiyanın rəsmi saytına istinadən xəbər verir ki, müşavirədə çıxış edən Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov toplantının bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar olduğunu bildirib.

Artıq ilin əvvəlindən seçkilərə hazırlıq işlərinin başladığını və bu istiqamətdə partiyanın yerli təşkilatlarına müvafiq tövsiyələrin verildiyini deyən Ə.Əhmədov Yeni Azərbaycan Partiyasının bu seçkilərə yüksək əhvali-ruhiyyədə getdiyini vurğulayıb.

YAP sədrinin müavini qeyd edib ki, son parlament seçkilərindən ötən beş il ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib: "Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanıb".

Ə.Əhmədov bu illər ərzində ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğunu, əhalinin rifah halının yüksəldiyini, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla getdiyini deyən Ə.Əhmədov seçki kampaniyasının təbliğat mərhələsində qazanılan uğurların əhali arasında geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb. O bu baxımdan, partiyanın rayon və şəhər təşkilatlarının üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.

Ə.Əhmədov parlament seçkiləri ilə əlaqədar partiyanın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Müşavirədə YAP icra katibinin müavinləri - Milli Məclisin deputatı Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti