...

Ümid və Azərbaycan Demokrat partiyaları yollarını ayıra bilər

Siyasət Materials 4 Avqust 2015 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Əgər Ümid Partiyası parlament seçkilərinə 125-lər Siyasi Klubu ilə birlikdə getmək qərarına gələcəksə, biz böyük məmnuniyyətlə Ümid Partiyasına mane olmayacağıq".

Bunu Trend-ə Ümid Partiyası ilə birlikdə "Qarabağ" siyasi blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ümid Partiyasının 125-lər Siyasi Klubu ilə birlikdə parlament seçkilərinə ilkin namizəd siyahısını müəyyən etməsinə münasibət bildirərkən deyib.

S.Cəlaloğlu 125-lər Siyasi Klubu və müəyyən edilən namizədlər barədə ətraflı məlumatı olmadığını bildirib: "Biz uzun illərdir Ümid Partiyası ilə əməkdaşlıq edirik. 125-lər Siyasi Klubu ilə bağlı geniş məlumatım yoxdur. Əgər Ümid Partiyası 125-lər Siyasi Klubu ilə birlikdə seçkilərə gedəcəksə, biz böyük məmnuniyyətlə Ümid Partiyasına öz seçimini etməkdə mane olmayacağıq. Biz Ümid Partiyası ilə birlikdə "Qarabağ" blokunda təmsil olunuruq. Ancaq bu o demək deyil ki, Ümid Partiyası mütləq bizimlə birgə seçkilərə getməlidir. Əgər doğrudan da Ümid Partiyası 125-lər Siyasi Klubu ilə birgə getməyi arzu edəcəksə, biz əvvəlki münasibətlərimizi saxlamaq şərtilə Ümid Partiyasının bu niyyətinə mane olmayacağıq. Sabah bizim Ümid Partiyası ilə müzakirələrimiz olacaq. Təbii ki, çalışacağıq ki, seçkilərdə iştirakla bağlı müzakirələr aparıb yekun qərara gələk".

Məsələyə münasibət bildirən Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə Trend-ə açıqlamasında seçkilərdə iştirakla bağlı ADP ilə müzakirələrin aparılacağını deyib: "Bu bizim siyahımızdır. ADP-nin də siyahısı ola bilər. Biz o siyahını uzlaşdıracağıq. Bu barədə ADP ilə heç bir problemimiz yoxdur. Sabah "Qarabağ" blokunda müzakirələr olacaq və məsələni orada müzakirə edəcəyik. Bizim parlament seçkilərinə ADP ilə birgə getmək niyyətimiz var və çalışacağıq ki, bu niyyət gerçək olsun. Qarabağ bloku 125-lər Siyasi Bloku ilə birgə gedəcək".

Qeyd edək ki, 125-lər Siyasi Klubu cəmiyyətin müxtəlif spektrlərindən olan insanları özündə birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti