...

Mübariz Əhmədoğlu: Kürd faktoru heç vaxt ermənilərin maraqlarına xidmət edə bilməz

Siyasət Materials 18 Sentyabr 2015 12:32 (UTC +04:00)
Son vaxtlar kürd faktorunu qabartmaq uğrunda erməni ekspertləri və siyasiləri arasında sanki yarış gedir. Guya kürdlər Türkiyənin əsasən Naxçıvana yaxın ərazilərində aktivləşiblər.
Mübariz Əhmədoğlu: Kürd faktoru heç vaxt ermənilərin maraqlarına xidmət edə bilməz

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Son vaxtlar kürd faktorunu qabartmaq uğrunda erməni ekspertləri və siyasiləri arasında sanki yarış gedir. Guya kürdlər Türkiyənin əsasən Naxçıvana yaxın ərazilərində aktivləşiblər.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı"nda deyib.

Politoloq bildirib ki, hadisələr belə gedərsə, kürdlər Naxçıvanı tamamilə blokadaya alacaqlar: "Hər halda erməni ekspertlərinin xəstə təxəyyülü kürdlə ermənini eyniləşdirir:

- əvvəla, kürdlər hamısı PKK üzvü deyil;
- ikincisi, dünyanın bir sıra yerlərində - İranda, Türkiyədə kürdlərlə azərbaycanlılar yanaşı yaşayırlar. Bəzi ermənipərəst qüvvələrin arzularına rəğmən bu ölkələrdə kürdlərlə azərbaycanlılar arasında heç bir konflikt qeydə alınmayıb;
- üçüncüsü, son dövrlərdə kürdlərlə ermənilər arasında konfliktlərin artmasına dair yayılan məlumatların sayı çoxalır. Suriyada ermənilərlə kürdlər arasında konflikt olub. Beyrutda hal-hazırda kürdlərlə ermənilər arasında dərin ədavət mövcuddur. Erməni milyarderi Vaan Ovnanyanın cənazəsinin dünən Beyrutdan Yerevana qayıtmasının əsas səbəbi bu ədavətdir. Avqustun sonunda Yerevanda ölən V.Ovnanyan vəsiyyətinə görə Beyrutda basdırılmalı idi. O baxımdan kürdlərin ermənilərin maraqlarına uyğun Azərbaycana zərbə vurması inandırıcı deyil;
- dördüncüsü, kürdlərin dövləti olmasa da vahid strategiyaları və bu strategiyanı reallaşdırmaq üzrə siyasətləri var. 30 milyonluq kürdün özünə 50 milyonluq azərbaycanlını düşmən seçməsi kürdün ağlına gəlmir. Kürdün strateqləri Azərbaycan xalqı ilə mehriban, dinc, yanaşı yaşamaq üzərində daha çox fikirləşirlər".

M.Əhmədoğlu hesab edir ki, ermənilərin kürdlərlə əlaqəyə can atmasının əsas səbəbi antitürkiyəçilikdir: "Bunun üçün ermənilər ocmanlı dövründə kürdlərin "erməni soyqırımı" məsələsində türklərin müttəfiqi olmasını da unutdular. İraq Kürdüstanının planlaşdırma naziri Əli Sindi Ermənistanda səfərdə oldu, baş nazir və digər nazirlərlə görüşdü. Erməni-kürd dostluğu barədə ermənilərin cəfəngiyyatına inanıb Yerevana gələn kürd naziri əliboş geri qayıtdı. Konkret heç bir layihə müzakirə edilmədi. Bundan bir az əvvəl Ermənistanın Xarici İşlər Naziri E.Nalbandyan İraq Kürdüstanının paytaxtı Ərbilə səfər etmişdi. Onun da məqsədi İraq Kürdüstanı ilə Ermənistan arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələri inkişaf etdirmək idi".

Mərkəz rəhbəri vurğulayıb ki, ilk növbədə Yerevanla Ərbil arasında aviareys açılmalı idi: "Ermənilərin daha çox can atdığı Avropa dövlətləri ilə Ermənistanın mövcud aviaəlaqələrində kifayət qədər ciddi problemlər var. Sərnişin azlığından, maliyyə qıtlığından Avropa ölkələrinin əksəriyyəti Yerevana aviareysləri təxirə salır və ya sayını azaldır. Ermənistanın milli aviasiyası demək olar ki, yoxdur. Avia daşıma Rusiyanın monopoliyasındadır. Belə vəziyyətdə E.Nalbandyanın Yerevan-Ərbil aviareysi açmaq təşəbbüsü yalnız gülüş doğurur. Kürdlərlə Ermənistan arasında heç bir iqtisadi və ya mədəni əlaqə ola bilməz. Ən azı Ermənistan o səviyyədə dövlət deyil. Belə şeylərə gücü çatmır".

Politoloq sonra bildirib ki, Ermənistanın kürdlərə olan marağı ermənilərin antitürkiyə instinktinin ödənilməsinə yönəlib: "Kürdlərin Türkiyə ilə olan probleminin mahiyyəti ermənilərin Türkiyə ilə olan probleminin mahiyyətindən kəskin surətdə fərqlidir. Bəzi erməni ekspertləri bunu başa düşməyə başlayıblar. Kürd faktorunun ortaya qoyduğu konkret reallıqlar ermənilərin qarşısına konkret suallar qoyur. Yaxınlarda Van şəhərinin meri milliyyətcə kürd Van şəhərinin tarixinə dair kitab yazmışdı. Van, eləcə də Diyarbəkir bütövlükdə kürd torpağı kimi göstərilir. Ermənilər isə bu əraziləri özlərinki bilirdilər. Ona görə bəzi ermənilər məhz indi Ermənistanın kürd və Türkiyə məsələsinə dair konkret mövqe müəyyənləşdirməsi mövzusunu aktuallaşdırıblar. Bəzi ermənilər kürdlər haqqında təhqirli ifadələr işlətməyə başlayıblar. Hər halda kürdün erməninin maraqlarına uyğun siyasət aparmayacağının əlamətləri indidən üzdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti