Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
2015-ci il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiya kimi Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, kütləvi informasiya vasitələrində pulsuz təşviqat aparmaq hüququ qazanıb. Lakin partiya bu hüququndan imtina etmək qərarına gəlib.
Trend hakim partiyanın saytına istinadən məlumat verir ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Komissiyasına ünvanladığı müvafiq məktubunda bu qərarını Milli Məclisə seçkilərdə iştirak edən digər siyasi partiyalar və bitərəf namizədlərin seçkiqabağı təşviqatı zamanı bərabərlik prinsipinin gözlənilməsi ilə əlaqələndirib.
YAP Seçki Məcəlləsinin 80-ci maddəsinin tələbinə uyğun olaraq televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədilə nəzərdə tutulan pulsuz efir vaxtından, eləcə də 83-cü maddəsinin tələbinə uyğun olaraq dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqatı pulsuz aparmaq hüququndan istifadə etməmək barədə qərarını qurumun diqqətinə çatdırıb.