...

Millət vəkili: Sahibkarlığa mane olanlar vəzifələri ilə vidalaşacaqlar

Siyasət Materials 14 Oktyabr 2015 15:49 (UTC +04:00)
“Prezident İlham Əliyevin çağırışı artıq sondur. Bunun ardınca artıq konkret addımlar atılacağını düşünürəm”.
Millət vəkili: Sahibkarlığa mane olanlar vəzifələri ilə vidalaşacaqlar

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elmir Murad/

"Prezident İlham Əliyevin çağırışı artıq sondur. Bunun ardınca artıq konkret addımlar atılacağını düşünürəm". Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluqla bağlı dediklərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sahibkarlığı boğan və sahibkarlığın inkişafına maneələr yaradanlar bilməlidir ki, artıq neftdən pul gəlmir: "Sahibkarlara süni maneələr yaradanlar anlamalıdır ki, Prezidentin dediyi kimi, ölkə büdcəsini doldurmağın yeganə mənbəyi sahibkarlığın inkişafıdır. Ona görə də düşünürəm ki, Prezidentin bu çağırışlarına əhəmiyyət verməyənlər dövlət başçısının sərt iradəsi ilə üzləşəcəklər. Çox güman ki, onlar öz vəzifələri ilə vidalaşacaqlar. Ölkə Prezidentinin bu çağırışlarına əhəmiyyət verməyən istənilən şəxs qanun qarşısında cavab verməlidir. O, təkcə vəzifəsindən uzaqlaşmalı deyil, yığdığı sərvət də araşdırmalıdır. Nəhayət, vəzifə başında olanlar bəlkə bundan sonra bu cəzalardan nəticə çıxara bildilər".

F.Ağamalı Prezident İlham Əliyevin "ASAN xidmət" mərkəzləri ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub. O, qeyd edib ki, adıçəkilən qurumun korrupsiyanın qarşısının alınması istiqamətində çox böyük xidmətləri var: "Azərbaycan brendi hesab edilən "ASAN xidmət" Prezidentin birbaşa öz layihəsidir. Hesab edirəm ki, bu qurum korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasında çox önəmli rol oynadı. Amma təəssüflər olsun ki, hələ də korrupsiyanın kökü kəsilməyib. Ölkə Prezidentinin dediyi kimi, sahibkarlara təzyiqlər var. Sahibkarların rahat işləməsinə imkan verilmir, yersiz yoxlamalar aparılır. Bu da sahibkarlığın inkişafına maneələr yaradır".

Xatırladaq ki, oktyabrın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda Prezident İlham Əliyev geniş nitq söyləyərək bəzi qurumları sərt tənqid edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti