Azərbaycan xəbərlər xidməti
Azər Niftiyev - Trend:
AXCP sədri Əli Kərimli Azərbaycan iqtidarını "ifşa edən" daha bir məqalə ilə çıxış edib.
Ənənəvi ampulasına, fürsətcil xarakterinə, şərçi xislətinə uyğun davranaraq, bəzi MTN əməkdaşlarının törətdiyi qanunsuz əməllərə görə, o, bütövlükdə hakimiyyəti ittiham edib. Özü də sıralama ilə - 1, 2, 3.
Əvvəla, MTN-nin yüksək vəzifəli əməkdaşlarının törətdiyi qanunsuz əməlləri ifşa edən AXCP və ya hər hansı ənənəvi müxalifət lideri və onların buyruğunda durduğu beynəlxalq qüvvələr yox, Azərbaycan hakimiyyətidir. Məhz Azərbaycan iqtidarı törətdiyi qanunsuz əməllərinə görə, MTN-nin yüksək vəzifəli əməkdaşlarına dəmir barmaqlıqların yolunu göstərib.
"Başqasının gözündə çöp axtarıb, öz gözündə tiri görməyən"lər yaxşı olardı ki, özlərinin cavab verməli olduğu suallara cavab axtarsınlar.
Hər şeyi qara rəngdə görən Əli Kərimli bəlkə ömründə heç olmasa bircə dəfə ağ və ya mavi rəngə boyansın və bəzi suallara cavab versin.
1. Cənab Əli Kərimli, hakimiyyətdən gedəndən sonra o zamankı Prezident Əbülfəz Elçibəyin evində, Naxçıvanın Ordubad rayonunun Kələki kəndində yaşayırdın. Əslində, məqsədin bəlli idi. Qorxurdun ki, Bakıya qayıtsan, törətdiyin əməllərə görə, həbs oluna bilərsən. Kələkidəydin, Əblüfəz Elçibəyin evində çörək yeyirdin, onunla bir yatıb, bir dururdun. Nə oldu, nə baş verdi ki, Bakıya qayıdanda Əbülfəz Elçibəyin sədri olduğu AXCP-də qiyam başlatdın. Əbülfəz Elçibəyi devirmək üçün partiya daxilində "Yurd" adında qrup yaratdın. Adam çörək kəsdiyi, bir yerdə yaşadığı liderinə xəyanət edərmi? Elçibəyə niyə xəyanət etdin, Əli Kərimli?
2. 2000-ci ildə o zamankı müxalifət partiyaları parlament seçkilərini boykot edəndə sən və ətrafındakı siyasi qüvvələr seçkilərə qatıldınız. Parlamentə bir xeyli mandat qazandınız. O zaman bir düşərgədə olduğunuz müxalifət liderləri sizi satqınlıqda ittiham edirdilər. Hətta AXCP sədrinin müavini Fazil Mustafa "Əli Kərimli parlamentə getməsə, mən siyasətdən gedəcəyəm" bəyanatı vermişdi. Siz parlamentə getdiniz və illərlə birgə yol getdiyiniz düşərgəyə xəyanət etdiniz. Bu qərarı verməkdə məqsədiniz nə idi və həqiqətən konstruktiv müxalifət lideri olmaq istəyirdinizsə, necə oldu ki, sonradan yenidən radikal düşərgəyə qoşuldunuz?
3. 2005-ci ildə müavininiz Cəmil Həsənli parlamentə gedəndə onu partiyadan qovdunuz. Bəyan etdiniz ki, Cəmil Həsənli mənfəətcil və satqındır. 8 il sonra vaxtilə müavininiz olaraq partiyadan qovduğunuz Cəmil Həsənlini özünüzə lider seçdiniz. Daha doğrusu, lider adı altında piyada seçdiniz. Necə ki, İsa Qəmbər Arif Hacılının, siz isə Cəmil Həsənlinin timsalında özünüzə saxta liderlər düzəltmisiniz. Cəmil Həsənli satqın idisə və buna görə onu partiyadan qovmuşdunuzsa, necə oldu ki, onu yenidən öz sıralarınıza qatdınız?
Siyahını uzatmaq da olar. Əli Kərimlinin satqınlığına, siyasi riyakarlığına, siyasi hərracda qazandığı təcrübəyə aid qalaq-qalaq kitablar yazmaq olar.
O, saxta ittihamlarını üç bəndlik suala yerləşdirdi, biz də ona eyni qaydada üç sual ünvanladıq. Bu üç sual və bu sualların ictimaiyyətə məlum olan cavabları kifayət edir ki, Əli Kərimlinin mahiyyəti ifşa olunsun. Mahiyyəti ifşa olunmuşların isə ləyaqətdən, ədalətdən danışmağa nə əsasları, nə də mənəvi haqları var.