Bakı. Trend:
RF Nəqliyyat naziri, RF-Ermənistan hökumətlərarası komissiyanın həmsədri M.Sokolov Ermənistana səfər etdi. Səfər zamanı hökumətlərarası komissiyanın iclasına dair heç bir məlumat yoxdur. Yalnız M.Sokolovun baş nazir O.Abramyanla görüşü barədə məlumat var.
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, bu məlumatda vurğu Rusiya ilə Ermənistan arasında kommunikasiya əlaqələrinin üzərindədir: "Rəsmi Yerevan tərəfi M.Sokolovun Ermənistana səfərini Rusiyanın Ermənistan-İran dəmiryoluna dəstək səfəri kimi təqdim etməyə çalışır. Lakin yayılan məlumatdan anlaşılır ki, M.Sokolov Ermənistanın Baş naziri O.Abramyanla görüşdə Rusiya ilə Ermənistan arasında kommunikasiya əlaqələri üçün əlavə imkanlar axtarıblar. Rusiya ilə Ermənistan arasında əlaqələrə Ermənistanın yanaşması belədir: Ermənistan-İran dəmiryolu tikilməklə Rusiya İran bazarına dəmiryolu vasitəsilə çıxa bilər. Bu Rusiya üçün əlavə gəlir mənbəyi ola bilər".
M.Əhmədoğlu deyib ki, bunun üçün Rusiya gürcü-abxaz dəmiryolunu işə salmalıdır: "Bu vaxtadək RF Ermənistanın bu variantının əleyhinə getmirdi. Çünki Rusiya rəsmilərinin bir qismi ermənilərin maliyyə və ya digər korporativ təsirini faktor kimi qəbul ediblər. Amma indi vəziyyət dəyişib. Gürcüstanın Aİ ilə imzaladığı Assosiativ müqavilə qüvvəyə minir. Aİ-nin Rusiya ilə əməkdaşlıq etməsi mümkünsüzdür. Aİ hətta Rusiyaya xəbərdarlıq etmədən üçtərəfli Aİ-Ukrayna-Rusiya formatını ikitərəfli Aİ-Ukrayna formatına çevirdi. Bununla da Aİ Rusiya ilə birlikdə gömrük qaydalarına, fitosanitar nəzarətə, tranzit daşımalarına neqativ münasibətini ortalığa qoydu. Gürcüstan ərazisində də Aİ Rusiyaya qarşı bu münasibəti nümayiş etdirəcəkdir. Aİ-nin Ukraynadakı mövqeyinə verdiyi kəskin reaksiyanı Rusiya Gürcüstanla da təkrarlaya bilər. Bir sözlə, Rusiya Gürcüstan ərazisi vasitəsilə Ermənistanla yükdaşılamarına getməyəcək".
Mərkəz rəhbəri qeyd edib ki, ermənilər Rusiyada belə arzu yarada bilsələr də, Aİ-ni razı sala bilməyəcəklər: "Həm də nəzərə alınmalıdır ki, ilin təxminən yarısı iqlim şəraitinə görə Rusiya ilə Ermənistan arasında Gürcüstan vasitəsilə yükdaşımalara maneçilik törədir. Belə olan halda Rusiya Nəqliyyat nazirinin Ermənistanla əlaqələr üçün başqa imkanlar axtarması zərurətdir. Ermənistan əgər doğrudan da Rusiyaya bağlanmaq istəyirsə, Rusiyanın bu təklifini qəbul etməlidir. Ermənistan əgər Rusiyanın Cənubi Qafqazdan çıxarılmaq siyasətinin tərkib hissəsidirsə, yeni reallıqları nəzərə almaqdan, əvvəlki qaydada siyasətini davam etdirəcəkdir".
Politoloq hesab edir ki, Rusiya üçün ən əlverişli variant həm gürcü-abxaz, həm də Mehri dəmiryollarının işləməsidir: "Gürcü-abxaz dəmiryolunun işləməsi üçün ən azı 4 maneə var:
ı. Gürcüstanla Abxaziya arasındaki siyasi münasibətlər.
ıı. Ermənistan AİB-nin, Gürcüstan isə Aİ-nin tərkib hissəsidir. Tamam fərqli qaydalar, fərqli proseduralardır, geosiyasi maneədir.
ııı.Gürcü-abxaz dəmiryolu birxətlidir.
ıv. Gürcü-abxaz dəmiryolu keçən ərazilərin yeraltı süxurları möhkəm deyil. Başqa sözlə, gürcü-abxaz dəmiryolu ilə ağır çəkili vaqonlar hərəkət edə bilməz. Mehri dəmiryolunun işə düşməsi Rusiya ilə Ermənistan arasındakı əlaqələri bütün siyasi, geosiyasi, təbii-coğrafi və texniki maneələrdən azad edir".
M.Əhmədoğlu deyib ki, burada yalnız bircə maneə var - Ermənistanın siyasi iradəsi: "Ermənistanın siyasi iradəsi Rusiya ilə əlaqələri bərpa etmək istiqamətində deyil. SSRİ vaxtında Ermənistana yüklərin 85%-i Mehri dəmiryolu vasitəsilə daşınıb. Bu yol SSRİ-İran sərhədi boyunca keçən ən uzun dəmiryolu marşrutu olub. Bu yol həm də SSRİ-nin Türkiyə ilə sərhədinə ən yaxın məsafədən keçən marşrutlardan birisidir. Ermənistan Gürcü-abxaz dəmiryolunun fəaliyyətinə 4 (siyasi, geosiyasi, təbii-coğrafi və texniki) maneələri aradan qaldırmağa çalışır, amma özünün bircə maneəsindən geri çəkilmək fikrində deyil".
Politoloq qeyd edib ki, Mehri dəmiryolunun fəaliyyətə başlamasının ən böyük maneəsi Moskvadakı ermənilərdir: "Siyasi və maliyyə baxımından imkanlı ermənilər heç vaxt Rusiya ilə Ermənistan arasında etibarlı əlaqədən ötrü fəaliyyət göstərməyiblər. Kasıb kəndli balası olan Levon Ayrapetyan Moskvada dünyanın ən böyük media maqnatlarından və milyarderlərindən birinə çevrildi. B.Obamanın təşkil etdiyi şəxsi qonaqlıqlarda iştirak edən L.Ayrapetyanın bütün maliyyə və siyasi imkanları Dağlıq Qarabağın militarlaşmasına yönəlmişdi. Dağlıq Qarabağda tikdiyi hərbi məktəbdə hətta Azərbaycan Respublikasının etnik qruplarının təmsilçiləri hərbi təhsil almalı idi. Bu adam Rusiyanın Qafqazda təsirinin qalmasında və ya güclənməsində maraqlı ola bilməzdi. Rusiya Erməniləri ittifaqının sədri A.Abramyan bircə dəfə də olsun Mehri dəmiryolunun fəaliyyətinə münasibət bildirməyib. "Ameriabank"ın rəhbəri, Rusiya vətəndaşı, Rusiyanın hesabına milyarder olmuş R.Vardanyanın oğlu da yəqin ki, Rusiya vətəndaşıdır. R.Vardanyanın oğlu Dağlıq Qarabağda hərbi xidmətdədir. Dağlıq Qarabağdakı ermənilərdə ksenofobiya meyillərinin güclənməsində R.Vardanyanın kapitalının rolu mühümdür".
Mərkəz rəhbəri deyib ki, Moskvada bir nömrəli erməni milyarderi, "Taşir" qrupunun başçısı S.Karapetyanın da kapitalı Dağlıq Qarabağda mövcuddur: "Amma bu iştirak da Rusiyanın mövqelərinin güclənməsinə xidmət etmir. Lakin bu sadaladığımız ermənilərin kapitalı və siyasi nüfuzu Rusiya yüksək çinli rəsmilərinin mövqeyini çaşdırılması istiqamətində xeyli güclü fəaliyyət göstərir. RF Nəqliyyat naziri M.Sokolov özbaşına Yerevana gəlib iki ölkə arasında nəqliyyat əlaqəsi üçün əlavə variantları müzakirə etməzdi. M.Sokolovu Yerevana göndərən Kremldir. Kremlin ikinci addımı Moskvadakı erməniləri Rusiyaya sadiqliyə məcbur etmək olacaqdır. Özləri indidən bu yolu seçsələr daha yaxşı olar. Mehri dəmiryolu Moskvadakı ermənilər və Ermənistan üçün həqiqət anıdır".