Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında fərman imzalayıb.
Fərmanla müəyyən edilir ki, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilir.
Nazirlər Kabinetinə bu fərmanın 1-ci və 2-ci hissələrini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamənin yeni layihəsini, habelə Xidmətin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; ləğv edilmiş Satınalmalar üzrə Dövlət Agentliyinin istifadəsində olan dövlət əmlakının Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilməsini bir ay müddətində həll etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.