Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə iqtisadiyyatının inkişafı, idxaldan asılılığın azaldılması ilə bağlı mühüm məsələlərə toxundu. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, çıxışı zamanı qeyd olundu ki, Azərbaycan idxaldan asılı olmayan bir ölkəyə çevrilməlidir: "Bu da sözsüz ki, yerli istehsalın artırılması hesabına olmalıdır. Biz nəinki əhalinin tələbatını ödəməli, müəyyən məhsulları xarici ölkələrə ixrac da etməliyik".
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev daim bu məsələni diqqətdə saxlayır və Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu istiqamətdə ciddi tapşırıqlar verdi.
Deputat bildirib ki, Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün görüləcək əsas tədbirlərdən biri də kənd təsərrüfatının, heyvandarlığın, quşçuluq və digər sahələrin daha da inkişaf etdirilməsidir.
T.Rzayev vurğulayıb ki, bu proses bütün regionlarda həyata keçirilməlidir: "Taxılçılıq, bitkiçilik, pambıqçılıq, arıçılıq, üzümçülük inkişaf etdirilməlidir. Azərbaycan elə bir iqlimə malikdir ki, burada çox sayda məhsullar becərmək, yetişdirmək olar. Yerli məhsulların istehsalını inkişaf etdirərək xaricə ixracını genişləndirə də bilərik".