...

Mehriban Əliyeva: İnsanları bağışlamaq onlara yeni ömür yolunu vermək deməkdir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 May 2016 12:49 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkəmizin ən dəyərli humanizm ənənələrinə əsaslanaraq "28 may - Respublika Günü" münasibətilə Aministiya elan olunmasını təklif edirəm. 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilən amnistiya aktları əsasında 30 minə yaxın məhbus müxtəlif növ cəzalarından azad ediliblər. 2007, 2009 və 2013-cü illərdə Fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insanlara azadlığı bəxş edən hər bir həmkarıma öz dərin minnətdarlığımı bildirirəm.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva Milli Məclisdə bu gün təşəbbüskarı olduğu 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı çıxışında deyib.

M.Əliyeva qeyd edib ki, Heydər Əliyev Fondu özünün 12 illik fəaliyyəti ilə həm ölkəmizdə, həm xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır: "Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı ilə yardıma ehtiyacı olan insanlara daim yardım etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi daim, hər zaman doğrultmağa çalışmışıq. Bu gün azadlıqdan məhrum edilən minlərlə həmvətənlərimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək, həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşmaq prinsiplərində qurulan yeni ömür yolunu vermək deməkdir. Hər bir cinayət törədən insan öz səhvlərini təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir".

M.Əliyeva sonra qeyd edib: "Eyni zamanda həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmağında yardım etməlidir. Hörmətli həmkarlar, amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər cəzadan azad ediləcək. Bundan əlavə, bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, yetkinlik yaşına çatmayanlar, əlillər, qoca və ahıllar, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlil övladı olanlar və bəzi digər kateqoriyadan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Xüsusilə diqqətinizə çatdırmaq istərdim ki, amnistiya aktı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxsləri, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını əhatə edəcəkdir. Bundan başqa, islah işləri, ictimai işlər, cərimə cəzalarına məhkum edilmiş şəxslərə də amnistiya şamil ediləcək. Ümumilikdə, 10 min məhkumun amnistiya aktının təsiri altına düşəcəyi, onlardan 3500-ə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azad ediləcəyi gözlənilir".

M.Əliyeva bildirib ki, hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır: "O cəmiyyət - haradakı həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək mümkündür ki, o cəmiyyət inkişaf etmiş və uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil, mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etmək tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz onlara yenidən cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik. Əminəm ki, amnistiya aktı bir daha Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcək. Ümidvaram ki, amnistiya aktının şamil olunacağı şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olmaq şanslarından istifadə edəcəklər. Diqqətinizə görə çox sağ olun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti