...

Siyavuş Novruzov: "Amnistiya aktı Heydər Əliyev Fondunun humanizm prinsiplərinə sadiqliyini göstərir"

Siyasət Materials 15 İyun 2016 14:24 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə qəbul olunan amnistiya aktı Heydər Əliyev Fondunun öz siyasətində humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Siyavuş Novruzov: "Amnistiya aktı Heydər Əliyev Fondunun humanizm prinsiplərinə sadiqliyini göstərir"

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə qəbul olunan amnistiya aktı Heydər Əliyev Fondunun öz siyasətində humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Heydər Əliyev Fondu yarandığı dövrdən onun siyasətində humanizm prinsipləri dayanır: "Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın amnistiya elan olunması ilə bağlı təşəbbüsləri də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir".

Millət vəkili deyib ki, hazırkı amnistiya aktı Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən 4-cü amnistiya aktıdır: "Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən bu yana ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər ölkəmizdə hər hansı amnistiya və ya əfv haqqında qərar və sərəncam olmayıb. Məhz ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq amnistiya haqqında qərarlar qəbul olunub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən indiki amnistiya aktına qədər Azərbaycanda bu yöndə 10 qərar qəbul olunub. 7 amnistiya aktı ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə qəbul edilib".

Azadlığa qovuşanlar... (FOTO)

Azadlığa qovuşanlar... (FOTO)

O bildirib ki, digər 3 amnistiya aktının təşəbbüskarı isə məhz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır: "Belə ki, Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 17 mart 2009-cu il tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar isə 9000 şəxsə şamil edilib, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən indiki amnistiya aktının isə 10 min nəfərə şamil ediləcəyi, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi gözlənilir".

S.Novruzov deyib ki, nəticə etibarilə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təqdim olunan amnistiya aktlarının şamil olunma dərəcəsi 40 min nəfərdən çox olacaq:

"Bütövlükdə isə ölkəmizdə qəbul olunmuş amnistiya aktları 110 min insanı əhatə edir. Bununla yanaşı, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən milli və dövlət bayramları ərəfəsində 20-dən artıq əfv sərəncamı imzalanıb və bu humanist aksiya nəticəsində minlərlə məhkum olunmuş insan cəzalarının çəkilməyən hissəsindən azad edilərək ailələrinə qovuşub. Bax, budur Heydər Əliyev siyasətinin nəticəsi".

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında amnistiya aktı qəbul edilib.

Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

İyunun 15-dən etibarən amnistiya aktının icrasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti