...

Küveyt parlamentinin sədri: Azərbaycanla əlaqələrin inkişafına önəm veririk (FOTO)

Siyasət Materials 18 İyul 2016 18:14 (UTC +04:00)
İyulun 18-də Azərbaycanın Küveytdəki Səfiri Elxan Qəhrəman Küveyt Parlamentinin sədri Mərzuq Əl-Ğanim ilə görüşüb.
Küveyt parlamentinin sədri: Azərbaycanla əlaqələrin inkişafına önəm veririk (FOTO)

İyulun 18-də Azərbaycanın Küveytdəki Səfiri Elxan Qəhrəman Küveyt Parlamentinin sədri Mərzuq Əl-Ğanim ilə görüşüb.

Azərbaycanın Küveytdəki Səfirliyindən Trend-ə verilən məlumata görə, səfir E.Qəhrəman səmimi qəbula görə Parlament Sədrinə dərin təşəkkürünü bildirib, diplomatik fəaliyyəti barədə məlumat verərək, Küveytdən öncə Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfir kimi fəaliyyət göstərdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin fevral ayından isə bu ölkədə diplomatik missiyaya başladığını diqqətə çatdırıb. O, Küveytdə diplomatik fəaliyyəti dövründə iki ölkə arasında siyasi, iqtisadi sahələrlə yanaşı parlamentlərarası əlaqələrin də yüksək səviyyədə inkişaf etdirilməsi məqsədilə var gücü ilə çalışacağını vurğulayıb.

Küveyt Parlamentinin sədri M.Əl-Ğanim səfir E.Qəhrəmanı ölkəsinə təyinatı münasibətilə təbrik edib, ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayaraq, Küveytə dost və qardaş olan Azərbaycanla ölkəsinin bütün istiqamətlərdə əlaqələrin inkişafına önəm verdiyini bildirib.

Səfir iki ölkə arasında əlaqələrin tarixindən bəhs edərək, Sovet İttifaqının süqutundan sonra Küveytin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olduğunu, müstəqilliyin ilk illərində respublikamızın qarşılaşdığı problemlərdən, xüsusən də Ermənistanın ölkəmizə ərazi iddiaları ilə bağlı təcavüzü səbəbindən meydana gələn problemlərin həllində istər Azərbaycana göstərilən humanitar yardıma, istərsə də beynəlxalq təşkilatlarda dəstəyə görə təşəkkürünü bildirib.

Söhbət zamanı səfir M.Əl-Ğanimə Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını çatdırıb, iki ölkə arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsindən söz açaraq, bunun sürətləndirilməsi üçün hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Səfir O.Əsədovun ölkəmizə səfəri ilə bağlı dəvətinin qüvvədə qaldığını qeyd edərək, onu təkrarən respublikamıza dəvət edib.

Parlament sədri M.Əl-Ğanim onun da salamlarının həmkarı cənab O.Əsədova çatdırılmasını xahiş edib, təkrar dəvətə görə təşəkkürünü bildirərək, qısa zaman ərzində respublikamıza səfərinin reallaşacağını, bu məqsədlə müvafiq tədbirlərin həyata keçirilməsi üçün göstəriş verəcəyini bildirib və səfərin təfərrüatları barədə ən yaxın vaxtda Səfirliyimizin məlumatlandırılacağını qeyd edib.

Səfir E.Qəhrəman sonda səmimi qəbula və yüksək qonaqpərvərliyə M.Əl-Ğanimə bir daha təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti