...

Deputat: Konstitusiyaya dəyişikliklərin edilməsi Azərbaycanın inkişafından irəli gəlir

Siyasət Materials 30 Avqust 2016 17:43 (UTC +04:00)
Konstitusiyaya dəyişiklik və əlavələrin edilməsi Azərbaycanın inkişafından irəli gəlir.
Deputat: Konstitusiyaya dəyişikliklərin edilməsi Azərbaycanın inkişafından irəli gəlir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi Azərbaycanın inkişafından irəli gəlir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Konstitusiyaya əlavə və dəyişikliklər 3 istiqamət üzrədir: “Birincisi, insan hüquq və azadlıqlarının genişləndirilməsi, ikincisi, dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, üçüncüsü isə terminologiyanın dəqiqləşdirilməsidir. Bunların hər üçü günün tələbləridir".

A.Mirzəzadə qeyd edib ki, idarəetmə mexanizminin təkmilləşdirilməsi əhalimizin sayının artması və inkişaf yolunda Azərbaycanın qarşısında daha böyük məsələlərin durması ilə bağlıdır.

Azərbaycanda il yarımdan sonra əhalinin sayının 10 milyon olacağının gözlənildiyini və bununla Azərbaycanın dünyanın çox əhalisi olan ölkələr qrupuna daxil olacağını deyən A.Mirzəzadə bildirib ki, bu baxımdan böyük dövlətin idarə edilməsi üçün yeni mexanizm tələb olunur.

Deputatın sözlərinə görə, bu mexanizmlərdən biri müəyyən məsələlərin daim prezident səviyyəsində diqqətdə saxlanılmasıdır: “Hazırda isə müəyyən məsələlər nazir, ən yaxşı halda isə Baş nazirin müavini səviyyəsində həll edilir. Vitse-prezidentlər institutunun yaradılması məhz həmin məsələlərin artıq prezident səviyyəsində diqqətdə saxlanmasından, onların həllinə operativ reaksiya verilməsindən ötrü lazımdır. Dünyanın bir çox ölkələrində bu praktikadan geniş istifadə edilir. Digər tərəfdən, vitse-prezidentlər institutu olduqda, ölkə üçün bir sıra vacib məsələlərə görə dövlət adından, yüksək statusda çıxış etmək, dövləti təmsil etmək və sənədləri imzalamaq üçün vitse-prezidentin səfər etməsi kifayət edir. Yəni bunun özü də beynəlxalq protokolda tələb olunan məsələ hesab edilir”.

A.Mirzəzadə onu da qeyd edib ki, eyni zamanda, Azərbaycan prezidentli respublikadır və prezidentlə parlament arasındakı əlaqələrdə həlli tələb olunan bir sıra məsələlər var: “Yəni prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur. Amma elə hal ola bilər ki, parlament prezidentin təqdim etdiyi namizədləri uzun müddət təsdiq etməz. Təsdiq etmədikdə isə həmin sahə rəhbərsiz qalır, strateji məsələlər həll edilmir. Bu baxımdan həmin hallarda - prezidentlə parlament arasında fikir ayrılığı olduğu təqdirdə, prezidentin parlamenti buraxmaq hüququ yaranır”.

A.Mirzəzadə bildirib ki, bu tip məsələlər 1992-ci illərdə gündəliyə çıxmırdı, çünki bir o qədər diqqət tələb etmirdi: “Ancaq bizim artıq demokratik hüquqi dövlət kimi 20 ildən çox təcrübəmiz var. Azərbaycan hər yerdə tanınır, Azərbaycan vətəndaşları öz hüquqlarını bilir, Konstitusiyamız ciddi, işlək mexanizmdir. Bu baxımdan indi bu tip məsələlərə yenilik gətirmək ehtiyacı yaranır”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti