...

Prezident İlham Əliyev Rumıniya, Qətər və İran səfirlərinin etimadnamələrini qəbul edib (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 5 Oktyabr 2016 11:23 (UTC +04:00)
Prezident İlham Əliyev bu gün Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan İankunun etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev Rumıniya, Qətər və İran səfirlərinin etimadnamələrini qəbul edib (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyev bu gün Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan İankunun etimadnaməsini qəbul edib.

Səfir Dan İanku fəxri qarovul dəstəsinin qarşısından keçib. Dan İanku etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Rumıniyanın strateji tərəfdaş olduğunu qeyd edən dövlət başçısı ölkəmizin dövlətlər arasında əməkdaşlığı genişləndirmək və tərəfdaşlığımızı ikitərəfli, eləcə də Avropa İttifaqı-Azərbaycan və NATO-Azərbaycan əlaqələri çərçivəsində gücləndirməkdə maraqlı olduğunu deyib. Prezident İlham Əliyev Rumıniyaya dəfələrlə səfər etməsini məmnunluqla xatırlayaraq Rumıniyanı Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biri kimi dəyərləndirib. Dövlət başçısı Rumıniyanın Azərbaycanda çoxlarına yaxşı tanış olduğunu, insanların bu ölkəyə yüksək ehtiramla yanaşdıqlarını bildirib.

Rumıniya Prezidenti Klaus Yohannisin Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdıran səfir Dan İanku ölkələrimizin strateji tərəfdaş olduqlarını vurğulayıb. Rumıniyalı diplomat ölkəmizə gələrkən inkişafın və böyük potensialın, həmçinin Bakının möhtəşəmliyinin şahidi olduğunu deyib. Səfir Dan İanku Azərbaycanı Şərq ilə Qərbin, Cənubla Şimalın yolayrıcında yerləşən, zəngin və qədim tarixi və mədəniyyəti olan bir ölkə kimi xarakterizə edib. Azərbaycanda tolerantlıq ənənələrinin böyük tarixi olduğunu qeyd edən Dan İanku Roma Papası Fransiskin ölkəmizə səfərini Azərbaycanda tolerantlığa, müxtəlifliyə, harmoniyaya ehtiramın əməli ifadəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Dan İankuya uğurlar arzulayıb, onun Azərbaycanda fəaliyyəti müddətində insanlarla görüşmək, ölkəmizlə tanış olmaq üçün yaxşı imkan yaranacağına ümidvar olduğunu bildirib. Dövlət başçısı Azərbaycanda mədəni müxtəliflik, multikulturalizm kimi məsələlər üzərində fəal iş aparıldığını deyib. Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rumıniya dövlətinin başçısına çatdırmağı xahiş edib.

X X X

Dövlət başçısı, həmçinin Qətərin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainin etimadnaməsini qəbul edib.

Yusif bin Həsən əl-Sai fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir Yusif bin Həsən əl-Sai etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Yusif bin Həsən əl-Sai Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin dövlət başçısına, Azərbaycan xalqına və hökumətinə salamlarını çatdırıb. Qətərin Azərbaycana dost ölkə olduğunu qeyd edən səfir Prezident İlham Əliyevin dəstəyi ilə ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Azərbaycan-Qətər əlaqələrinin uğurlu inkişafından məmnunluğunu ifadə edən dövlət başçısı İlham Əliyev iki ölkə arasında dost və qardaş münasibətlərinin olduğunu vurğulayıb. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin Azərbaycana rəsmi səfərinin uğurlu olduğunu xatırlayan Prezident İlham Əliyev keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını məmnunluqla qeyd edib. Qətər Dövlətinin Əmiri ilə bir sıra beynəlxalq forumlar çərçivəsində də görüşdüklərini deyən dövlətimizin başçısı ikitərəfli münasibətlər, həmçinin regional məsələlər ətrafında aparılan fikir mübadiləsinin önəmini vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələrinin bir sıra sahələrdə, xüsusən kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malik olduğu bildirilib, bu istiqamətdə səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyev Əmir Şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib.

X X X

Prezident İlham Əliyev bu gün, eyni zamanda İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.

Səfir Cavad Cahangirzadə fəxri qarovul dəstəsinin qarşısından keçib. Cavad Cahangirzadə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə İran arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlət başçısı əlaqələrimizin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib. Bunun da öz növbəsində hər iki dövlət başçısının niyyətinin göstəricisi olduğunu vurğulayan Prezident İlham Əliyev İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı əldə olunan razılaşmaların önəmini qeyd edib, ölkəmizin İranla dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində maraqlı olduğunu deyib. Cavad Cahangirzadəyə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayan dövlət başçısı səfirin Azərbaycan-İran ikitərəfli əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Cavad Cahangirzadə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirib ki, Prezident Həsən Ruhani onun ən yaxın dostlarından və qardaşlarından birinin Prezident İlham Əliyev olduğunu deyib. Azərbaycan ilə İran arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində hər iki ölkənin prezidentinin siyasi iradəsini əsas götürəcəyini deyən Cavad Cahangirzadə bunun üçün ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini və bu baxımdan Prezident İlham Əliyevin hərtərəfli dəstəyinə ümidvar olduğunu bildirib.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusən təhlükəsizlik, nəqliyyat, infrastruktur layihələri, kənd təsərrüfatı, turizm kimi sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran İslam Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti