...

Azərbaycanın Dövlət Müstəqilliyi nüfuzlu BƏƏ mediasının gündəmində

Siyasət Materials 17 Oktyabr 2016 11:06 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmış “Əl-Fəcr” qəzetinin 17 oktyabr tarixli elektron və çap nüsxələrində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun “Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə bərpa etdiyi müstəqilliyin 25 illiyini qeyd edir” başlıqlı məqaləsi (http://alfajr-news.net/node/122111) dərc olunub.
Azərbaycanın Dövlət Müstəqilliyi nüfuzlu BƏƏ mediasının gündəmində

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmış “Əl-Fəcr” qəzetinin 17 oktyabr tarixli elektron və çap nüsxələrində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun “Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə bərpa etdiyi müstəqilliyin 25 illiyini qeyd edir” başlıqlı məqaləsi (http://alfajr-news.net/node/122111) dərc olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məqaləsində səfir sovet nəhənginin süqutundan illər öncə Azərbaycan xalqının və dövlətinin öz müstəqilliyini bərpa etməyə səy göstərdiyini və bu ali amal uğrunda mübarizə apardığını oxucuların diqqətinə çatdırıb, bu mübarizənin nəticəsi olaraq, 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini qeyd edib.

Sovet İttifaqının parçalanmasının Azərbaycan üçün böyük fəsadlarından bəhs edən səfir D.Şikarov xüsusən də 15 may 1992-ci ildə dövlət çevrilişi hesabına hakimiyyəti zəbt edən şəxslərin səriştəsizliyi nəticəsində xarici hərbi təcavüzün, etnik təmizləmənin və cənubda separatizm meyllərinin ölkənin taleyini sual altına qoyduğunu və xalqın günəşli sabaha inamını yox etdiyini vurğulayaraq, bu cür ağır vəziyyətin xalqın təkidli tələbi ilə sadiq oğlu Heydər Əliyevə üz tutmasına qədər davam etdiyini önə çəkib. Diplomat qeyd edib ki, Heydər Əliyev həyatının bahasına xalqın davamlı tələbini qəbul edib və Azərbaycan xalqının qurtuluş günü hesab etdiyi 15 iyun 1993-cü ildə ölkədə siyasi hakimiyyəti öz üzərinə götürməyə razılığını verib.

Səfir ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründəki nailiyyətlərdən ətraflı yazarkən ümummilli liderin 1994-cü ildə beynəlxalq transmilli şirkətlərlə “Əsrin kontraktı”nı imzalamaqla milli iqtisadiyyata on milyardlar dollarla ölçülən investisiyaların axınını təmin etdiyini və bunun da öz növbəsində, ölkədə hərtərəfli siyasi, iqtisadi və sosial islahatların köməyi ilə dövlət müəssisələrinin yenidən qurulmasına və yekun etibarı ilə, xalqın rifah halının yaxşılaşdırılmasına səbəb olduğunu xüsusilə qeyd edib. Eyni zamanda, yeni və müasir Azərbaycanın qurulması naminə inadlı və yorulmaz fəaliyyətindən sonra Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” kəlamına diqqət çəkib.

Beynəlxalq əlaqələrə gəlincə, səfir ümummilli lider Heydər Əliyevin bu istiqamətdəki fəaliyyətindən yazıb, ulu öndərin 1994-cü ildə baş tutmuş o vaxtkı İKT-in Kasablanka zirvə toplantısı çərçivəsində ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələr sırasında yer alan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanla tarixi görüşünün Azərbaycan və Ərəb Əmirlikləri arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin gələcək istiqamətini müəyyən etdiyini oxucuların nəzərinə çatdırıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi dövründən söhbət açan səfir D.Şikarov dövlət başçısının ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu kursu uğurla davam etdirdiyini önə çəkərək, həmin ildən ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verib. O vurğulayıb ki, ümummilli liderin siyasətinin layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, mühüm iqtisadi nailiyyətlərə imza atıb, eləcə də beynəlxalq nüfuzu artıb və xalqın rifahı daha da yüksəlib. Bütün bu amillər sayəsində dövlətimiz dünyada öz sözünü deyir və bu da öz növbəsində, dövlət müstəqilliyinin güclü təməl üzərində qurulduğuna dəlalət edir. Səfir D.Şikarov Prezident İlham Əliyevin müdrikliyi və düşünülmüş siyasəti hesabına bu gün dünyanın Azərbaycanda iri beynəlxalq enerji və nəqliyyat layihələrinin həyata keçirildiyini məqalədə bildirib.

Səfir dövlətimizin humanitar, mədəniyyət, idman və incəsənət sahələrində də böyük uğurlara nail olduğunu yazıb, respublikamızın dünyada tolerant və digərinə yardım əlini uzatmaq kimi humanitar ənənələrə malik çoxmədəniyyətli ölkə imicini qazandığını, son 4 il ərzində ölkəmizin “Avroviziya” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, Formula 1 yarışı kimi beynəlxalq nüfuzlu müsabiqə və yarışlara ev sahibliyi etdiyini və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyini yada salıb və sadalan sahələrdə yüksək imicin qazanılmasındakı xidmətin böyük payının Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qurduğu Heydər Əliyev Fondunun üzərinə düşdüyünü xüsusilə qeyd edib. Məqalənin yekununda dövlətimizin son 25 il müddətində qarşısında duran bütün çətinlik və məşəqqətləri qət etdiyi, öz müstəqilliyini qoruyub saxlamağa və yetişən nəsilləri ümidli gələcəklə təmin etməyə müyəssər olduğu və bütün dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələri qurmağa və möhkəmləndirməyə müvəffəq olduğu əks edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti