Bakı. Trend:
Azərbaycanla Fransa arasında mövcud olan güclü əlaqələr “həqiqətlərin” qəbul edilməsinə əsaslanaraq Ermənistan-Azərbaycan böhranının sülh yolu ilə həllinə köməklik göstərəcək.
Trend-in məlumatına görə, bu barədə Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Manselin Azərbaycan Prezidenti İlham Əliyevin 13-14 mart tarixlərində Fransaya rəsmi səfəri ilə əlaqədar bu ölkə mətbuatında dərc olunmuş məqaləsində deyilir.
Fransalı deputatın məqaləsində Prezident İlham Əliyevin fransalı həmkarı Fransua Olland tərəfindən Yelisey sarayında qəbul ediləcəyi və bu rəsmi səfərin Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edildiyi vurğulanır.
O, bu illər ərzində Azərbaycanla Fransa arasında əlaqələrin daima dinamik şəkildə inkişaf etdiyini, ölkəmizin Fransa üçün Cənubi Qafqaz regionunda əsas tərəfdaş rolunu oynadığını və siyasi, iqtisadi, humanitar, mədəni və təhsil sahələrində güclü əməkdaşlığın qurulduğunu bildirir. Müəllif bu xüsusda 70-ə qədər fransız şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini də əlavə edir:
“Həqiqətlər ilk öncə gəlir”
Məqalədə 1991-1992-ci illərdə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu, ümumilikdə 20 faiz ərazilərini işğal etdiyini və bunun BMT Təhlükəsizlik Şurası tərəfindən dörd dəfə pislənildiyini xüsusi vurğulayır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı mülki şəxs hər şeyini, habelə doğma torpaqlarını itirib və hazırda qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. Ən dəhşətlisi, Ermənistan 26 Fevral 1992-ci ildə 613 insanın, o cümlədən qadın və uşaqların qətli ilə müşayiət olunan Xocalı şəhərində törətdiyi soyqırıma görə günahkardır və bu fakt 2000-ci ildə hazırkı Ermənistan Prezidenti Serj Sarkisyan tərəfindən könüllü şəkildə etiraf edilib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, onlar ermənilər sadəcə zarafat edirlər. Azərbaycanlılar bu fikirdə idi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Biz bu fikirləri (stereotipləri) dağıtdıq”.
Jan-Fransua Mansel qeyd edir ki, Fransadakı Erməni Diasporasının nümayəndələri münaqişəni törədən cəlladlarla münaqişə qurbanlarının yerini dəyişməklə həqiqətləri maskalaya bilməzlər.
O, Azərbaycanda hakimiyyətin seçkiyə əsaslandığını, 1918-ci ildə qadınlara seçki hüququnun verildiyini, 1998-ci ildə ölüm hökmünün ləğv edildiyini, habelə xristianlarla yəhudilərin harmoniya şəkilində birgə yaşadıqlarını yazır. “Buna görə biz Prezident İlham Əliyevə borcluyuq”.
Müəllif sual edir: Ermənistan ermənilərinin həyatı daimi immiqrant olan parisli sözçülərinin həyatından daha ağırdır. Bunu nəzərə almağın vaxtı deyil? Yüz minlərlə azərbaycanlı ailənin nəhayət, evlərinə dönməsinin vaxtı deyil? Hər il hər iki tərəfdən qan tökülməsi və göz yaşlarına səbəb olan münaqişəyə son qoymağın vaxtı deyil?
“Hərəkət etmək zamanıdır”.