Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Nyu Cersi ştatını təmsil edən Donald Peyn Azərbaycanın milli bayramı - Respublika gününün 99-cu ildönümü münasibətilə bəyanatla çıxış edib.
Trend-in məlumatına görə, Konqres üzvü bəyanatında Azərbaycanın 1918-ci ildə dünyada ilk demokratik və dünyəvi Müsəlman dövləti qurduğu, müstəqilliyinin qısa sürməsinə baxmayaraq Sovet İttifaqının əsarətindən qurtularaq 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyini bildirib.
ABŞ-ın müttəfiqi olduğunu vurğuladığı bəyanatında D.Peyn Azərbaycana ABŞ və NATO qüvvələrinə göstərdiyi mühüm dəstəyə, Azərbaycan hərbçilərinin Əfqanıstanda ABŞ əsgərləri ilə çiyin-çiyin vuruşduğuna, habelə Kosovo və İraqdakı əməliyyatlara verdiyi töhfələrə görə ABŞ-ın minnətdarlığını ifadə edib.
Daha sonra bəyanatda Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq 1990-cı illərdən etibarən İsraillə sıx əlaqələr qurduğu, ölkəmizin yəhudi icmasının evi olduğu və tolerant cəmiyyətimizdə dini azadlıq də plüralizmin təmin edildiyi vurğulanıb.
Sonda BMT, NATO və ATƏT-in üzvü kimi Azərbaycan beynəlxalq ictimaiyyətdəki roluna görə təqdir edilib və Azərbaycanın strateji cəhətdən mühüm və mürəkkəb regionda ABŞ-ın güclü tərəfdaşı olduğu vurğulanıb.