Bakı. İlhamə İsabalayeva - Trend:
Heç kim Avropa Şurasının (AŞ) baş katibi Turbyern Yaqlanda təşkilatın hansısa üzvünü bu qurumdan çıxarmaqla bağlı hədələmək hüququ verməyib.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə T.Yaqlandın Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunma istəməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, T.Yaqlandın baş katib kimi vəzifəsi təşkilatla üzv ölkələr arasında münasibətləri tənzimləməkdir.
A.Mirzəzadə bildirib ki, T.Yaqlandın Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzərində "prokuror" nəzarətini həyata keçirməsi yolverilməzdir.
Bunun AŞ-nın nizamnaməsinə zidd olduğunu deyən deputat qeyd edib ki, müəyyən dairələr bununla Azərbaycanı “cəzalandırmaq” istəyirlər:
“Yəqin ki, Turbyern Yaqlandın vəzifəsinin nədən ibarət olduğu onun yadına salınmalıdır. Azərbaycanın müstəqil daxili və xarici siyasət həyata keçirməsi Avropanın müəyyən dairələrinin xoşuna gəlmir”.
Azərbaycanın üzərinə götürdüyü bütün vəzifələri yüksək səviyyədə həyata keçirdiyini, təşkilatın siyasətini müəyyənləşdirən ölkələrdən biri olduğunu xatırladan deputatın sözlərinə görə, Azərbaycanın neft müqavilələri ilə bağlı sərbəst mövqeyi, gəlirlərini sərbəst şəkildə Azərbaycan xalqının maraqlarına uyğun istifadə etməsi müəyyən dairələrin iqtisadi maraqlarına toxunur.
A.Mirzəzadə hesab edir ki, T.Yaqlandın bu addımı Azərbaycanla AŞ arasında münasibətlərin soyumasına səbəb ola bilər:
“Çox təəssüf ki, Avropanın müəyyən dairələrinin antitürk siyasəti bu gün Avropanın müxtəlif regional təşkilatlarının məmurlarının da hərəkətlərində özünü bariz şəkildə göstərir. Bu cür hərəkətlərin məqsədi Azərbaycanı qorxutmaqdır”.
Deputat qeyd edib ki, Azərbaycanın onların diqtəsi ilə hərəkət etməsi mümkün deyil.
Onun sözlərinə görə, Azərbaycan demokratiyanın və insan hüquqlarının qorunması yolunu şüurlu surətdə seçib və bundan sonra da bu istiqamətdə siyasətini davam etdirəcək. Azərbaycanı hədələmək, Azərbaycanı hansısa dairələrin maraqlarına uyğun olaraq, siyasət aparmağa məcbur etmək isə heç zaman mümkün olmayacaq.
Qeyd edək ki, AŞ-nın Baş Katibi Turbyern Yaqland Azərbaycan məhkəməsinin qərarı ilə məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına rəğmən “siyasi məhbus” kimi qələmə verilən və azadlığa buraxılması tələb olunan REAL təşkilatının rəhbəri İlqar Məmmədovu azadlığa buraxılmadığına görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Sentyabrın 13-də Avropa Şurasına daxil ölkə səfirlərinin iclasında Yaqland Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunmasını istəyib.