Bakı. Trend:
Alternativ quru yolu kimi Azərbaycanın Yeni İpək Yolu Şərq-Qərb və Qərb-Şərq marşrutlarını, həmçinin Şərqi Asiya və Cənubi Asiya məhsullarını birləşdirən yeni Şimal-Cənub nəqliyyat dəhlizini birləşdirməyə xüsusi imkan yaradır.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Vaşinqtonda keçirilən İpək Yolu Konfransındakı “Yeni İpək Yolunda Biznesin Kəşfi, Ticarət və İnvestisiya İmkanları” çıxışında deyib.
Səfir bildirib: "İlk olaraq Avrasiya Mərkəzinə və Avrasiya Biznes Koalisiyasına məni bura çıxış etmək üçün dəvət etdiyinə görə təşəkkürümü bildirirəm və bugünkü proqram tərtibində çox sayda vacib məsələləri əhatə etdiklərinə görə təbrik edirəm. Fürsətdən istifadə edib, yeni İpək Yolunun praktiki və strateji aspektlərini nəzərdən keçirən bir şəxs kimi bir neçə söz demək istərdim".
Onun sözlərinə görə, qədim İpək Yolu, (Çinin) Sian şəhərində bir dəvənin belinə oturacağın (yəhərin) quraşdırılması və Venesiyada boşaldılmasından ibarət deyildi: "O yol bəzilərinin indi təsəvvür etdikləri kimi sadəcə “yol” deyil: geniş bir ticarət şəbəkəsində bazarları, emalatxanaları və sənətkarları birləşdirən bir sıra yollar və marşrutlardan ibarət idi. Bu "ipək marşrutları" boyunca ticarət hər bir istiqamətdə gedirdi. Qədim məzarlıqlar eyni qəbirlərdə Baltik kəhrəbalarının, Bizans sikkələrinin, Aralıq dənizi dəmir və qalayının, Çin ipəyi və saxsı qablarının olduğunu göstərir. Tapılmış əşyalar minlərlə mil məsafə qət edərək əldən ələ keçmiş və yol boyunca dəyəri artmışdır. Çin ipəyi və Mərkəzi Asiyada ağacdan düzəldilmiş oyma işləri Konstantinopol saraylarını bəzəyirdi və mebel kimi istifadə edilirdi. Avropa tacları, Pamir platosundan, indiki Tacikistandan gətirilmiş yaqut və Hindistandan olan sapfirlərdən bəzədilmişdi".
R.Sekuta əlavə edib ki, bu qədim ticarət şəbəkəsi kimi, Yeni İpək Yolu təşəbbüsü də onun çoxşahəli xarakterinə görə böyük imkanlar təqdim edir: "Yol boyunca onun hər bir hissəsində iqtisadi və siyasi inkişaf – çox ehtimal ki – qarşılıqlı olaraq güclənəcək. Bu yeni əlaqənin bir hissəsi olan xalqlar, yalnız geniş ticarətin faydalarından bəhrələnməyəcək, həmçinin onların bir-biri ilə əməkdaşlığı mədəni, təhsil, intellektual mübadiləni və böyük innovasiyaları gücləndirəcək. Yeni İpək Yolu keçmişdə bu ərazilərə rifah gətirmiş bəzi qədim şəbəkə və əlaqələri bərpa edib yeni əlaqə və şəbəkələri yaradaraq sərhəd boyunca əməkdaşlıq və regionlar arası tərəfdaşlığı gücləndirəcək. Bu yenidən gücləndirilmiş əlaqələr ticarət və sahibkarlıq sahəsində, eləcə də digər sahələrdə Amerika Birləşmiş Ştatları, Asiya və Avropa ölkələri üçün böyük imkanlar yaradacaq".
Səfir qeyd edib ki, geosiyasi perspektivi baxımından Birləşmiş Ştatların strateji maraqları Yeni İpək Yolu konsepsiyasının uğurlu olmasında əsasən praktiki şərtlərə köklənmişdir: "Bu, məsələn, Əfqanıstanlı fermer və digərlərinə uzun müddət ixrac etdikləri öz ənənəvi məhsullarını, nar və digər meyvə və qoz-fındıq məhsullarını satmağa imkan verəcək. Bu, regionda yerləşən digər ölkələri də bir-birinə inteqrasiya edəcək və mən həmçinin bu ölkələrin Avroatlantik ictimaiyyətlə də əlaqələrini gücləndirə biləcəyini düşünürəm. Bununla yanaşı bərpa olunan ticarət yolları üzərində yerləşən ölkələr və şəhərlərin bu Müasir İpək Yolunu reallığa çevirməsi üçün lazım olan nəqliyyat avadanlığı, fiziki və proqram təminatı infrastrukturları da daxil olmaqla praktiki kommersiya aspektləri də var".
R.Sekuta bildirib ki, qədim İpək Yolunun aydın şəkildə numayiş etdirdiyi kimi, müəyyən tranzit marşrutları ilə yerli məhsulları Avrasiyanın bir ucundan digərinə məhsulların səmərəli şəkildə və eyni zamanda minimal əlavə daşınma xərcləri ilə nəql etmək olar: "Ölkələr əmək, enerji dəyəri, materiallar və ya yerləşdiyi əraziləri baxımından müqayisəli üstünlüyünü müəyyən edə bilər. Məsələn, Azərbaycanın mövqeyi yük maşını və dəmir yolu vasitəsilə daşınan tranzit yüklərin həcmini iki dəfədən çox artıraraq onun çoxşaxəli tranzit yük daşıma qabiliyyətini təmin etməyə imkan vermişdir. Bu, bir sıra səbəblərə görə maraqlıdır. Azərbaycan bir neçə dəfə Ələt Limanı vasitəsilə Çin, Mərkəzi Asiya və Avropa arasında əmtəələrin uğurlu daşınmasını həyata keçirdiyinə görə getdikcə əhəmiyyətli bir tranzit mərkəzinə çevrilir. Bunlar Yeni İpək Yolu üçün regional əhəmiyyət baxımından vacib addımlardır. Alternativ quru yolu kimi Azərbaycanın Yeni İpək Yolu Şərq-Qərb (və Qərb-Şərq) marşrutlarını, həmçinin Şərqi Asiya və Cənubi Asiya məhsullarını birləşdirən yeni Şimal-Cənub nəqliyyat dəhlizini birləşdirməyə xüsusi imkan yaradır. Bunun çoxu Azərbaycanın nəqliyyat infrastrukturuna yatırılan əhəmiyyətli investisiyalar hesabına olmuşdur, məsələn, 6835 mil uzunluğunda yeni yol çəkilmiş, təxminən 300 körpü salınmış, Gürcüstan, Rusiya və İranla olan əsas yollar bərpa edimiş və genişləndirilmişdir. Bir sözlə, Bakının cənubundakı Yeni Ələt Limanına yatırılan sərmayə Azərbaycanın nəqliyyat sistemində əsas rol oynadığını göstərir".
Səfir vurğulayıb ki, nəqliyyat imkanlarının artırılması daha geniş Mərkəzi Asiya və Xəzər hövzəsi üçün əlavə ticarət sahələri açır və regionda rifahı, sabitliyi və effektivliyi təmin edir: "Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələri arasındakı bu marşrutlar vasitəsilə yalnız neft və qaz deyil, həm də elektrik enerjisi ötürülə bilər. Dünya Bankının CASA-1000 elektrik layihəsi və Asiya İnkişaf Bankının TUTAP layihələri Mərkəzi Asiya ölkələrinin mövsümi əlavə elektrik enerjisinin cənub bazarlarında özünə yer tapmasına kömək edir. Bu əlavə elektrik 16 milyondan çox insanı elektriklə təmin edərək Pakistanın elektrik şəbəkəsinə 1000 meqavat əlavə edib. Enerji, həmçinin Asiya və Avropa bazarları arasında, məsələn, Xəzər məhsullarını Avropa bazarına gətirəcək Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ötürülə bilər. Bu diversifikasiya rəqabətin təmin edilməsi, səmərəliliyinin artırılması və əlavə imkanların yaradılması hesabına regional və Avropa enerji təhlükəsizliyini gücləndirəcək. Cənub Qaz Dəhlizi təkcə Azərbaycan üçün yox, həm də Avropanın enerji və siyasi təhlükəsizliyi üçün vacib layihədir. 1990-cı illərin sonlarında Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin salınmasında mühüm rol oynayan ABŞ Cənub Qaz Dəhlizini də strateji layihə kimi görür. Biz Azərbaycan hökumətini, regiondakı digər hökumətləri və onun tamamlanmasını təmin edən şirkətləri dəstəkləmək üçün Aİ ilə birgə işləməyə davam edəcəyik".
R.Sekuta əlavə edib ki, bu dəhlizlər vasitəsilə ticari mallar və enerji ilə bərabər informasiya və fikir axını da reallaşacaq: "Bu fikir mübadiləsi təcridçilik və etinasızlıqda özünə sığınacaq tapan dar düşüncəli, zorakı və ekstremist ideologiyalara qarşı yeni inkişaf və fəaliyyətə təkan verəcək. İnformasiyadan istifadə imkanının artırılması ekstremizmə qarşı dayanıqlı olan təhsilin və dünyagörüşün artırılması deməkdir. Fikir mübadiləsi və iqtisadi bazarların genişləndirilməsi gənclər, qadınlar və azlıqlar üçün imkan yaradır, regional sabitlik və rifahı artırır. ABŞ, Mərkəzi Asiyada yüzlərlə əfqan tələbənin universitet xərclərini və minlərlə qadın sahibkara dəstək olmaq üçün Mərkəzi Asiya-Əfqan Qadınlarının İqtisadi Simpoziumu və Cənubi Asiya Qadınlarının Sahibkarlıq Simpoziumunu maliyyələşdirib. Azərbaycanda ABŞ səfirliyi qadınlar və gənclər arasında sahibkarlığı, STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) sahəsində qadınların artan iştirakını dəstəkləyən onlarla proqramı maliyyələşdirib".
Səfirin sözlərinə görə, ticarət əlaqələrinin yaxşılaşdırılması, həmçinin korrupsiyaya qarşı mübarizə, uzaqgörənliyin və şəffaflığın artırılması və qanunun aliliyinin yaxşılaşdırılması ilə qırılmaz şəkildə bağlıdır: "Məsələn, müqavilələrin toxunulmazlığını və icrasını təmin etmək, yeni biznesə başlayanlar üçün əlavə dəyər əməliyyatlarını həyata keçirməkdə lazım olan mühiti təmin etmək üçün güclü, bacarıqlı, müstəqil məhkəmə sistemi olmalıdır. Gəlirli regional ticarət sürətli və səmərəli tranzit, sərhədlərin təhlükəsizliyi və yaxşı idarəetmədən asılıdır. Sərhədlərdəki təhlükəsizlik qanuni ticarəti artırır. Güclü sərhəd təhlükəsizliyi silah və narkotik vasitələrin tranziti ilə yanaşı insan alveri ilə də mübarizə aparır".
Səfir bildirib ki, Birləşmiş Ştatlar sərhəd gözləmə müddətlərini azaltmaq, əsas yoxlama məntəqələrində və keçidlərdə əməkdaşlığı artırmaq, qanunsuz və təhlükəli materialların nəqlinin qarşısını almaq üçün regional tərəfdaşlarla işləyir: "Azərbaycanda hal-hazırda bu işlər üzərində çalışırıq. Azərbaycanın Rusiya və İranla həmsərhəd olan yeganə ölkə olduğun nəzərə alsaq, yeni İpək Yolu üzərində düşünərkən Azərbaycanın rolunun və bu işlərin əhəmiyyətinin nə qədər çox olduğunu görmüş olarıq. İcazə verin ABŞ səfirinin hər gün özünə verdiyi sualı soruşum: burada bizim marağımız nədir? Əvvəla, mən bu təşəbbüslərin həqiqi və dərhal olacaq nəticələrini sadaladım; regiondakı sabitlik və rifah güclənəcək. Ancaq daha geniş iqtisadi artım, fikir mübadiləsi və geosiyasi sabitliklə yanaşı, sahibkarlıq ticarətinin və investisiyasının daha praktik, maddi tərəfi var. Tez-tez Avropa və Asiya şirkətləri ilə əməkdaşlıq edən Amerika Birləşmiş Ştatları Yeni İpək Yolu marşrutlarında kompüter avadanlığı və proqramı satışı üzrə rəqibdir. İstər liman əməliyyatlarında xidmət və avadanlıqlar sahəsindəki GE lokomotivi və ya müşavirləri, istərsə də digər sahələr olsun, Azərbaycanda və işlədiyim hər bir ölkədə ABŞ məhsul və xidmətlərinin necə rəqabətə davamlı olduğunu görmüşəm.
Səfir qeyd edib ki, bəziləri deyə bilər ki, Yeni İpək Yolu lazımsızdır və ya mövcud marşrutları təkrarlayır: "Onlara görə, ABŞ-ın şərqdən qərbə doğru uzanan doqquz ştatalararası magistral yolunu misal çəkirəm. Çoxsaylı marşrutlar əlavə imkanlar yaradır, genişlənməyə və rəqabətə imkan yaradaraq qiymətləri ucuz saxlayır. Yuxarıda da göstərildiyi kimi, Yeni İpək Yolu Qafqaz regionunda, Mərkəzi Asiyada ticarəti asanlaşdırıb iqtisadı artımı təmin etməkdə və Asiya ilə Avropanı birləşdirməkdə əsas və artan rola sahibdir. İqtisadi və ticari faydalardan başqa, Yeni İpək Yolu təşəbbüslərinin həyata keçirilməsindəki irəliləyişlər davamlı sabitliyə və təhlükəsizliyə müsbət təsir göstərə bilər. Bu, ölkələrin birgə işləməsi üçün yeni yollar açır, qadınlar və digər az təmsil olunan qrupların tam iqtisadi iştirakına olan maneələri azaldır və qanunun aliliyinin icrasına təkan verir. Yaradılan belə sabit əlaqələr cəlb olunmuş bütün ölkələr üçün daha çox təhlükəsizlik və tərəqqiyə səbəb olmalıdır. Yenidən soruşmaq istərdim, yeni İpək Yolu nə üçün vacibdir? Sadə dillə desək, daha etibarlı, təhlükəsiz, rifah içində olan və daha çox fəaliyyətə imkan yaradan çoxşaxəli enerji və ticari marşrutları olan dünya ABŞ şirkətlərinə yeni bazarlarda rəqabət aparmaq və irəliləmək imkanı verəcək".