...

Bolqar ekspertlər: Azərbaycanda ədalətli və demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə yoxdur

Siyasət Materials 29 Mart 2018 12:00 (UTC +04:00)
Azərbaycanda ədalətli və demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə yoxdur
Bolqar ekspertlər: Azərbaycanda ədalətli və demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə yoxdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Bolqarıstanın "Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü - QİSDİ" ekspertlərinin apardığı müşahidələrin nəticələrinə əsasən, Azərbaycanda seçkiqabağı mühit sabitdir, elektoratın öz seçimini azad ifadə etmək, ədalətli və demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə yoxdur.

Trend-in məlumatına görə, bunu 11 apreldə Azərbaycanda keçiriləcək prezident seçkilərinin beynəlxalq müşahidəsini təşkil etmək məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycana dəvət olunmuş QİSDİ qeyri-hökumət təşkilatının missiyasının üzvü, hüquq analitiki Omurtaq Petkov mətbuat konfransında deyib.

O əlavə edib ki, QİSDİ-nin uzunmüddətli müşahidə missiyasının ekspertlərinin seçki ərəfəsində apardığı müşahidə və araşdırmalar artıq bəzi nəticələri söyləməyə imkan verir.

O.Petkovun sözlərinə görə, Azərbaycanda seçki prosesini tənzimləyən hüquqi sənədlərin təhlili onu deməyə əsas verir ki, ölkədə demokratik seçkilər keçirməyə tam yararlı, beynəlxalq standartlara uyğun hüquqi çərçivə mövcuddur. Seçki administrasiyasının işinin müşahidəsi ümumilikdə onun fəaliyyətinin müsbət qiymətləndirilməsinə imkan yaradır:

"Seçici siyahıları ilə iş daim aparılır, onlar yenilənir və dəqiqləşdirilir. Qeydiyyatdan keçməmiş namizədlərin heç də hamısı MSK-nın qərarı ilə razılaşmasa da, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesini ümumilikdə müsbət qiymətləndirmək olar. KİV-in monitorinqi göstərir ki, namizədlərdən biri, daha doğrusu, fəaliyyətdə olan prezidentə KİV-də daha çox yer ayrılır. Lakin materialların kontent-təhlili göstərdi ki, bu bərabərsizlik onun seçki kampaniyasının deyil, fəaliyyətdə olan prezident kimi fəaliyyətinin işıqlandırılması nəticəsində baş verib".

O.Petkov əlavə edib ki, bu günə kimi aparılan monitorinq zamanı seçki qanunvericiliyinin ciddi pozulması və ya namizədlər üçün qeyri-bərabər şəraitə dair faktlara rast gəlinməyib: "Azad toplaşma hüququ təmin olunur. QİSDİ ekspertləri bəzi siyasi qüvvələrin seçkilərin boykotu məsələsini araşdırıb və əvvəlki (2008-ci il) belə hallarla müqayisə ediblər. QİSDİ ekspertləri hesab edirlər ki, seçkiqabağı şərait və qanunverici baza ədalətli və demokratik seçkilərin keçirilməsini təmin edir. Yuxarıda deyilənləri ümumiləşdirərək, QİSDİ bəyan edir ki, bu gün Azərbaycanda beynəlxalq standartlara uyğun demokratik və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şərait mövcuddur".

Analitik onu da qeyd edib ki, QİSDİ uzunmüddətli və qısamüddətli müşahidə missiyaları təşkil edir: "Siyasət, media, seçki, hüquq və vətəndaş cəmiyyəti ekspertlərindən ibarət uzunmüddətli müşahidəçilər missiyasının müşahidə və araşdırmaları nəticəsində aralıq hesabat hazırlanıb. Bu hesabatın tam mətni aprelin 2-dən etibarən QİSDİ-nin saytında yerləşdirəcək. Aralıq hesabata QİSDİ ekspertlərinin bir neçə istiqamət üzrə müşahidələri daxil edilib. Bunlar Azərbaycanda seçkiqabağı vəziyyət, hüquqi çərçivə və seçki administrasiyası, seçki siyahıları və seçicilərin qeydiyyatı, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki kampaniyası, seçki prosesində KİV, şikayət və müraciətlər, seçki günü seçkilərin müşahidəsi və s.-dir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti