...

Sahibə Qafarova: AŞ PA-nın korrupsiya barədə hesabatı qeyri-obyektivdir

Siyasət Materials 23 Aprel 2018 18:54 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) korrupsiya barədə hesabatı qeyri-obyektivdir.
Sahibə Qafarova: AŞ PA-nın korrupsiya barədə hesabatı qeyri-obyektivdir

Bakı. Ləman Zeynalova - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) korrupsiya barədə hesabatı qeyri-obyektivdir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sahibə Qafarova AŞ PA-nın yaz sessiyası zamanı deyib.

O bildirib: “Hesabat qeyri-obyektivdir və çox qərəzli hazırlanıb. Fikrimcə, bununla bağlı hər bir söz ölçülüb-biçilməli və sənədləşdirilməlidir”.

Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT Parlament Assambleyasının missiyasının, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və AŞ PA-nın hesabatlarından danışan deputat deyib ki, bi mövqe milyonlarla Azərbaycan seçicisinə qarşı hörmətsizlikdir:

“Bu missiyanın seçkilərlə bağlı hesabatı təəccüb doğurur. Onlar ikili standartlardan qurtula bilməyib. Digər müşahidəçilər tamamilə fərqli məqamları qeyd ediblər. Hesabat subyektiv mövqelərə əsaslanır. Azərbaycan qanunvericiliyinə əsasən, seçkilər ilk növbədə ölkə vətəndaşları üçün təşkil olunur. Seçicilərin azad iradəsi qanuna uyğun olaraq ifadə edildi. Həm seçki kampaniyası, həm də səsvermə prosesi şəffaf və ədalətli keçib”.

Qeyd edək ki, bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyada iştirak edir.

Yaz sessiyasında Assambleya bürosunun və daimi komitənin görülən işlər barədə hesabatı dinləniləcək, İqlim dəyişiklikləri üzrə Paris Sazişi, Avropadakı jurnalistlərin statusu, Liviyada hazırkı vəziyyət və Avropa Şurasının rolu, Hibrid müharibə və insan hüquqları üzrə öhdəliklər, miqrant uşaqların inteqrasiyası və məcburi təhsili barədə fikir mübadiləsi aparılacaq. Sessiya çərçivəsində Avropada məcburi köçkünlərin hüquqları və humanitar ehtiyacları mövzusunda məruzə dinləniləcək.

“Avropada antisemitizm, islamofobiya və ksenofobiyanın artması: Avropa dəyərləri təhlükədə” mövzusu təcili debatlarda müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti