...

Ərdoğan: TANAP-ın yekunlaşması çox mühüm hadisədir (YENİLƏNİB)

Siyasət Materials 29 May 2018 11:06 (UTC +04:00)
Türkiyəyə və Avropanın digər ölkələrinə Azərbaycan qazını çatdıracaq Transanadolu təbii qaz boru kəmərinə ilk qazın verilməsi münasibətilə keçirilən bu mərasimin xeyirli olmasını diləyirəm.
Ərdoğan: TANAP-ın yekunlaşması çox mühüm hadisədir (YENİLƏNİB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyəyə və Avropanın digər ölkələrinə Azərbaycan qazını çatdıracaq Transanadolu təbii qaz boru kəmərinə ilk qazın verilməsi münasibətilə keçirilən bu mərasimin xeyirli olmasını diləyirəm.

Trend-in məlumatına görə, bu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral tərəfindən Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin açılış mərasimində səsləndirilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətində deyilir.

Türkiyə Prezidentinin müraciətində deyilir: "İstər Azərbaycan ilə ikitərəfli, istərsə də regional əməkdaşlığımız baxımından örnək bir layihə olan TANAP-ın tamamlanması hamımız üçün qürur mənbəyidir.

Bundan əvvəl uğurla həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP da bölgənin taleyini dəyişdirəcək əhəmiyyətə malik əməkdaşlığımızın bir başqa bəhrəsidir.

TANAP-ın reallaşmasında ABŞ-ın və Avropa İttifaqının dəstəyi də əhəmiyyətli olmuşdur.

Birlikdə atdığımız addımlar bu tarixi layihənin sürətlə və problemsiz başa çatdırılmasında önəmli rol oynamışdır.

Bundan sonrakı müddətdə Avropaya yeni bir mənbədən qaz nəqlini mümkün edəcək Cənub Qaz Dəhlizinin digər layihələrinin də vaxtında başa çatdırılması mühüm əhəmiyyət daşıyır".

Müraciətdə həmçinin qeyd olunur ki, bu gün TANAP boru kəmərinə ilk qazın verilməsindən sonra iyunun 12-də Əskişəhərdə böyük bir mərasimlə kəmərin açılışı olacaq.Bu tarixi anın şahidi olmaq üçün sizləri də Əskişəhərdə qəbul etməkdən böyük məmnunluq duyacağıq.

R.T.Ərdoğan müraciətdə həmçinin, bu il 25-ci dəfə keçirilən “Xəzər Neft və Qaz” sərgi və konfransının təşkilində əməyi olanları təbrik edib, bu mühüm tədbirin uğurlarının artmasını və davamlı olmasını diləyib:

"Bu xoş fürsətdən istifadə edərək TANAP-ın başda Türkiyə və Azərbaycan olmaqla, bölgəmiz üçün xeyirli olmasını bir daha arzu edir, bütün iştirakçıları səmimi qəlbdən salamlayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti