...

Birinci vitse-spiker: Ermənistan bu sənədlərə məhəl qoymur, öz işğalçılıq siyasətini davam etdirir

Siyasət Materials 21 İyun 2018 16:44 (UTC +04:00)
Ziyafət Əsgərovun Bakıda keçirilən Ombudsmanların XV Beynəlxalq Konfransının iştirakçıları ilə görüşü olub.
Birinci vitse-spiker: Ermənistan bu sənədlərə məhəl qoymur, öz işğalçılıq siyasətini davam etdirir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun Bakıda keçirilən Ombudsmanların XV Beynəlxalq Konfransının iştirakçıları ilə görüşü olub.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, birinci vitse-spiker qonaqları parlamentdə salamlayaraq, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ölkəmizdə ombudsmanların beynəlxalq konfransının təşkilini təqdir edib. Cari ildə keçirilən XV konfransda müzakirəyə çıxarılan “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunun əhəmiyyətini vurğulayıb.

Z.Əsgərov bu cür beynəlxalq miqyaslı tədbirin ölkəmizdə bir neçə əlamətdar hadisə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə üst-üstə düşməsini xüsusi vurğuladı. Eyni zamanda, 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edildiyini diqqətə çatdırdı. O, insan haqlarının qorunması sahəsində əməkdaşlığı yüksək qiymətləndirdi. Bildirildi ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi önəm verilir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir.

Məlumat verildi ki, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilib. Sonra ölkəmizdə ombudsman institutu təsis edildi, insan hüquqlarının müdafiəsi sahəsində digər qurumlar yaradıldı. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda qadınlara kişilərlə bərabər geniş hüquqlar, o cümlədən seçki hüququ verilmişdi. Hal-hazırda ölkəmizdə “Gender bərabərliyi haqqında” qanun qəbul olunub. Bütün dövlət qurumlarında qadınlar ən yüksək səviyyədə təmsil olunurlar.

Z.Əsgərov bu günlərdə Beynəlxalq Qaçqınlar gününün qeyd edildiyini söylədi. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğunu dedi. Bildirildi ki, dövlət bu insanların yaşayış şəraitinin yaxşılaşdırılması, siyasi, sosial, iqtisadi hüquqlarının təminatı baxımından zəruri tədbirlər həyata keçirir. Lakin beynəlxalq səviyyədə onların haqları qorunmur. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hələ 1993-cü ildə BMT tərəfindən 4 qətnamə qəbul olunub, ATƏT, AŞPA, İslam Əməkdaşlığı Təşkilatı kimi beynəlxalq qurumlarda bununla əlaqədar müvafiq qərarlar verilib. Lakin Ermənistan tərəfi bu sənədlərə məhəl qoymur, öz işğalçılıq siyasətini davam etdirir. Vitse-spiker xarici ölkələrin ombudsmanlarını Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında səylərini əsirgəməməyə çağırdı.

Söhbət zamanı qonaqlara Milli Məclis barədə də ətraflı məlumat verildi. Qeyd edildi ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda ilk milli parlament 1995-ci ildə formalaşıb. Bu gün Milli Məclisdə müxtəlif sahələri əhatə edən 15 komitə mövcuddur. Bir çox dünya ölkələri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Deputatlarımız mötəbər beynəlxalq təşkilatlarda təmsil olunurlar.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova öz çıxışında Ombudsman institutu ilə Milli Məclis arasında əməkdaşlıqdan söhbət açdı. Bildirildi ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi ilə bağlı bir çox sənədlər qəbul olunub. Parlamentdə müzakirəyə çıxarılan bu qanun layihələri ilə bağlı onun fikirləri öyrənilir. Ombudsman tərəfindən il ərzində həyata keçirilən tədbirlər barədə Milli Məclisdə hesabat verilir. Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində təmsil etdiyi qurum tərəfindən görülən işlər, əldə edilən nailiyyətlərdən danışdı.

Konfrans iştirakçıları səmimi görüşə görə minnətdarlıqlarını ifadə etdilər. Azərbaycan xalqının qonaqpərvərliyini və Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd etdilər. Qonaqlar ölkələr arasında əlaqələrin genişləndirilməsinin vacibliyini söylədilər.

Görüşdə Z.Əsgərov qonaqları maraqlandıran sualları ətraflı cavablandırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti