...

Ekspert: Erməni lobbisinin təsiri altında siyasət aparan Fransanın Minsk qrupunda həmsədrlik etməsinə son qoyulmalıdır

Siyasət Materials 17 Noyabr 2018 11:59 (UTC +04:00)
Azərbaycan höküməti və xalqı təmkinli siyasət və davranışlar göstərdikcə Fransa dövləti Minsk Qrupunun həmsədrlərindən biri kimi tərəfsizlik statusunu daşımağa layiq olmadığını göstərən yeni-yeni bədnam faktlar ortaya qoyur.
Ekspert: Erməni lobbisinin təsiri altında siyasət aparan Fransanın Minsk qrupunda həmsədrlik etməsinə son qoyulmalıdır

Bakı. Samir Əli - Trend:

Azərbaycan hökuməti və xalqı təmkinli siyasət və davranışlar göstərdikcə Fransa dövləti ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi tərəfsizlik statusunu daşımağa layiq olmadığını göstərən yeni-yeni bədnam faktlar ortaya qoyur.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, əslində Azərbaycan ötən əsrin 90-cı illərində Minsk qrupunun üç həmsədrindən biri kimi Fransanın təsdiqlənməsinə razılıq verməklə bu ölkəyə həm hörmət göstərdi, həm də geniş geosiyasi, geoiqtisadi fəaliyyətlər üçün kart-blanş verdi:

“Qarabağ məsələsi bizim üçün taleyüklüdür. 90-cı illərdə Azərbaycan rəhbərliyi əslində Minsk qrupunda Fransanın həmsədr olmasının qəti şəkildə əleyhinə idi. Fransanın dövlət siyasətində erməni lobbisinin təsirli rol oynamasına baxmayaraq, bu ölkə Qarabağ məsələsində tam obyektiv olmaq öhdəliyi götürdü, Azərbaycan rəhbərliyi isə məhz bu öhdəliyə əsaslanaraq Qarabağ probleminin həllində Fransaya obyektiv və tərəfsiz vasitəçi olmaq üçün şans verdi, ABŞ və Rusiya ilə bir sırada Fransanın obyektiv olmasına və erməni lobbisinin təsirindən çıxmasına şərait yaratdı. Bakının Fransadan gözlədiyi təmənnalı bir şey deyildi, Fransa sadəcə beynəlxalq hüququn tələbləri baxımından tərəfsiz olmağa borclu idi".

A.Quliyev əlavə edib ki, Azərbaycan Minsk qrupunda Fransanın həmsədrliyinə razılıq verməklə onun geosiyasi proseslərdə daha fəal iştirakına meydan açdı, Fransa Azərbaycanın neft-qaz sənayesinə, iqtisadiyyatına buraxıldı, yüzlərlə Fransa şirkətinə Azərbaycanda əl-qol açma şansı verildi: "Lakin illər boyu baş verən hadisələr Fransanın ermənipərəst mövqedən uzaqlaşa bilmədiyini sübut etdi. Bu faktlar təsdiqlədi ki, Fransa hər dəfə deklarativ olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi guya tanımadığını bəyan etsə də, pərdə arxasında başqa siyasət aparıb”.

Baş redaktor bunların təsadüf olmadığını bildirib: “Fransa deputatları maneəsiz şəkildə işğal olunmuş ərazilərimizə gedib-gəlirlər, qondarma rejimin qanunsuz rəhbərləri çox rahat şəkildə Parisə gedirlər, Fransa hökuməti dəfələrlə qondarma rejimin nümayəndələrinin Parisdə "xeyriyyə marafonları" keçirməsinə şərait yaradır. Bundan başqa, uydurma "erməni soyqırımı" Fransa parlamentinin və prezidentlərinin daimi siyasi leksikon mövzusudur, halbuki real Xocalı soyqırımına Fransa hökuməti heç bir münasibət göstərməyib".

O qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron, ən azı, formal balans görüntüsü yaratmaq xatirinə olsa da, doğru yanaşma sərgiləmədi və regionumuza son səfər vaxtı yalnız Yerevana getdi: "Fransa hökumətinin Avropa İttifaqı kuluarlarında Azərbaycan əleyhinə fəal iş aparması və əslində Ermənistanın lobbiçiliyinə xidmət etdiyinə dair çox əsaslı söz-söhbətlər var. Bu ölkənin rəhbərləri Azərbaycanda iqtisadi maraqlarını gen-bol həyata keçirsələr də, Ermənistanın təcavüzkar siyasətinə təəssübkeş mövqedən bir addım geri çəkilə bilməyiblər”.

A.Quliyev deyib ki, ikili standartlar siyasətinin hər fürsətdə davam etdirilməsi Fransanın Minsk qrupunun tərəfsiz həmsədri ola bilmədiyini qəti olaraq sübut edir:

“Fransa Azərbaycanın hələ 90-cı illərdə ona etdiyi böyük jestə adekvat qarşılıq verməyi bacarmadı, daha doğrusu, erməni lobbisinin güclü təsirləri buna imkan vermədi. Bütün bunlar onu göstərir ki, Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakdan əldə etdiyi qazancın son taleyi şübhəlidir, bu vəsaitin sonda hansısa yollarla Ermənistanın təcavüzünə dəstək proseslərinə yönəlmədiyinə təminat yoxdur. Fransa şirkətlərinin Azərbaycandakı fəaliyyətlərinə yenidən baxmaq vaxtı çoxdan çatıb. Təcavüzkar ölkə ilə hər cür qardaşlaşma siyasəti aparan bir ölkə Minsk qrupunda tərəfsizlik göstərə bilməz. Fransanın Minsk qrupunda həmsədr kimi başqa ölkə ilə əvəzlənməsini faktlar diktə edir. Bunu Azərbaycan dövlətinin mənafeləri və ədalət prinsipi tələb edir".

O əlavə edib ki, ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq hüquq normalarına nə qədər uyğun və açıq mövqe tutsa da, Fransa hələ heç vaxt birmənalı mövqe göstərməyib və Ermənistanı faktiki olaraq dəstəkləyib: "Fransa kimi erməni lobbisinin təsiri altında siyasət aparan ölkənin Minsk qrupunda ABŞ və Rusiya ilə birlikdə həmsədrlik etməsinə gecikmədən son qoyulmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti