...

Hikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirməklə status-kvonu saxlamaq məqsədi güdür (YENİLƏNİB)

Siyasət Materials 17 Noyabr 2018 11:33 (UTC +04:00)
Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğal və təcavüz siyasətinin tərkib hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirilir.
Hikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirməklə status-kvonu saxlamaq məqsədi güdür (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğal və təcavüz siyasətinin tərkib hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Bakıda keçirilən “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfransda deyib.

H.Hacıyev bildirib ki, bu qeyri-qanuni fəaliyyətlər məqsədyönlü və qərəzli xarakter daşıyaraq işğal olunmuş ərazilərin ilhaqı məqsədi güdür: “Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyətlər nəticə etibarilə münaqişənin həllində çox ciddi problemlər yaradır və Ermənistanın da əsl məqsədi və niyyəti bundan ibarətdir”.

O qeyd edib ki, həmçinin Ermənistan tərəfi qeyri-qanuni fəaliyyətlər həyata keçirməklə mövcud status-kvo vəziyyətini saxlamaq kimi məqsədlər də güdür:

“Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyətlərə baxsaq, burada bir neçə istiqaməti təsbit edə bilərik. Birincisi, ən vacib problemlərdən biri ondan ibarətdir ki, işğal olunmuş ərazilərimizdə məqsədyönlü məskunlaşma siyasəti aparılır, yəni demoqrafik vəziyyət məqsədyönlü şəkildə dəyişdirilir. İkincisi, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlər, xüsusilə də mineral resursların talan edilməsi, qeyri-qanuni, qeyri-şəffaf maliyyə və iqtisadi fəaliyyətlərin həyata keçirilməsi və çirkli pulların yuyulması kimi fəaliyyətlər də qeyd edilməlidir”.

PA rəsmisi deyib ki, digər qeyri-qanuni fəaliyyətlər Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişiklikləri, o cümlədən Azərbaycanın telekommunikasiya şəbəkələrinin istismar edilməsi və qanunsuz telekommunikasiya fəaliyyəti göstərilməsi, işğal edilmiş ərazilərimizin mədəni xarakterinin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, dağıdılması, həmçinin mövcud maddi-mədəni, o cümlədən dini abidələrin arxitektur xüsusiyyətlərinin dəyişdirilməsi və onların erməniləşdirilməsi kimi siyasətin aparılmasıdır:

“Qeyri-qanuni fəaliyyətlərdən biri də işğal olunmuş ərazilərimizin turizm məkanı kimi təşviq edilməsi və ora qeyri-qanuni səfərlərin həyata keçirilməsidir. Bununla da qeyd etdiyimiz kimi, Ermənistanın işğal və təcavüzü nəticəsində yaradılmış qondarma rejimi təşviq etmək və onun legitimləşdirilməsi kimi məqsədlər də güdülür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti