...

“İƏT Modeli - 2018” proqramının bağlanış mərasimi keçirildi (FOTO)

Siyasət Materials 30 Noyabr 2018 10:08 (UTC +04:00)
“İƏT Modeli - Azərbaycan” adlı milli mərhələnin 2018-ci il üzrə təntənəli bağlanış və qaliblərin mükafatlandırma mərasimi həyata keçirilib.
“İƏT Modeli - 2018” proqramının bağlanış mərasimi keçirildi (FOTO)

Bakı. Trend:

Dünən Bakının “Avropa” otelində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə artıq səkkizinci ildir ki, davam edən “İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində “İƏT Modeli - Azərbaycan” adlı milli mərhələnin 2018-ci il üzrə təntənəli bağlanış və qaliblərin mükafatlandırma mərasimi həyata keçirilib.

İƏT Gənclər Forumunun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndələr, dövlət qurumlarının rəhbərləri və nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərliyi, ictimai xadimlər, həmçinin builki proqramın məzunları olan 100-dən çox gənc iştirak ediblər.

Öncə “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” proqramının Azərbaycandakı gedişat və nəticələrini əks etdirən videoçarx nümayiş olunub, daha sonra çıxış edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov layihənin məqsəd və vəzifələri, uğurları, beynəlxalq səviyyədə qazanılan əlaqələri, bu proqramda Azərbaycanın mühüm rolu, 40-a yaxın ölkədə paralel keçirilən bu layihənin ilk təşəbbüsünün də məhz Azərbaycandan başlaması haqqında danışıb. E.Əsgərovun dediyinə görə, keçən 8 il ərzində İƏT ölkələrində layihə çərçivəsində keçirilən təlim və tədbirlərdə 23 min tələbə iştirak edib, bunların minə yaxını və ən aktivləri məhz Azərbaycan gəncləri olub.

Tədbirdə digər təşkilatçılar adından gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, İlahiyyat Universitetinin prorektoru Aqil Şirinov, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli toplantı iştirakçılarını təbrik edərək, artıq 8 ildir tərəfdaş olduqları bu layihənin gənclərin beynəlxalq əməkdaşlığına mühüm töhfə verdiyini, gənclər vasitəsi ilə Azərbaycanın daha çox tanıdılmasına xidmət etdiyinə inandıqlarını bildirib.

Mərasimdə, həmçinin, Fələstin Dövlətinin Azərbaycandakı səfiri Naser Əbdülkərim Rəhim tədbirdəki bütün səfirlər və diplomatik nümayəndələrin adından çıxış edərək, layihənin İƏT məkanında gənc liderlərin bilik və bacarıqlarının formalaşmasında, eləcə də əməkdaşlığın inkişafında oynadığı rolu xüsusi vurğulayıb.

“İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” İƏT Gənclər Forumunun təşəbbüsü ilə təsis edilmiş beynəlxalq təhsil proqramıdır və icrasına ilk dəfə 2011-ci ildə Azərbaycanda start verilib. Hazırda bu təhsil proqramı İslam Əməkdaşlıq Təşkilatına üzv 40-a yaxın ölkədə eyni zamanda həyata keçirilir.

Builki “İƏT Modeli-Azərbaycan” mərhələsində 10-a yaxın universitet və ali məktəblərdən tələbə iştirak edib, 7 həftə ərzində onlar İƏT arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş mühazirələr dinləyib, İƏT-ə üzv-ölkələrin Azərbaycanda təmsil olunan səfir və diplomatik missiya nümayəndələri ilə görüşlərdə iştirak edib, beynəlxalq münasibətlərin bir çox aspektləri ilə praktiki və yaxından tanış olublar.

Proqramın əsas hissəsi olan bu ay keçirilən yekun tədbirdə isə proqram iştirakçıları İƏT Xarici İşlər Nazirləri Şurasını reallığa maksimum yaxınlaşdırılmış formada simulyasiya edən, 23 İƏT-ə üzv ölkəni təmsil edən nümayəndə heyətləri ilə “İƏT XİN Sammiti”ni keçirib, İƏT məkanında mühüm siyasi xarakter daşıyan və dünyanı narahat edən problemləri müzakirə edərək müvafiq qərarlar qəbul ediblər.

Qapanış mərasiminin sonunda proqramda xüsusi istedad və bacarığı, “İƏT XİN Sammiti”ndə fəallığı ilə seçilən gənclər səfirlərin, diplomatların, dövlət qurumları nümayəndələrinin iştirakı ilə qiymətli hədiyyələr və diplomlarla təltif olunub, onlardan ən yaxşıları 2019-cu ilin avqustunda Kazan şəhərində keçiriləcək “İƏT Model - Qlobal Sammit”ində iştirak etmək hüququ əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti