...

Bakıda “Topçubaşov Təhlükəsizlik Konfransı: Şərqi Avropada və post-sovet məkanında təhlükəsizlik məsələləri” adlı konfrans keçirilib (FOTO)

Siyasət Materials 15 Yanvar 2019 14:42 (UTC +04:00)
Bu gün Bakıda M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə “Topçubaşov Təhlükəsizlik Konfransı: Şərqi Avropada və post-sovet məkanında təhlükəsizlik məsələləri” adlı konfrans keçirilib.
Bakıda “Topçubaşov Təhlükəsizlik Konfransı: Şərqi Avropada və post-sovet məkanında təhlükəsizlik məsələləri” adlı konfrans keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda Ə.Topçubaşov adına Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Topçubaşov Təhlükəsizlik Konfransı: Şərqi Avropada və post-sovet məkanında təhlükəsizlik məsələləri” adlı konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda xarici və yerli siyasi ekspertlər və digər qonaqlar iştirak edib. Konfrans çərçivəsində “Şərqi Avropa ölkələrinin təhlükəsizlik strategiyalarının qiymətləndirilməsi” və “Post-sovet ölkələri: sərhədlərdə təhlükəsizliyin balanslaşdırılması” mövzularında panel müzakirələri keçirilib.

Müzakirələrdə çıxış edən almaniyalı siyasi ekspert Andreas Umland sovet dövründə bu birliyə daxil olan ölkələrin millətçiliyə məruz qaldığını ifadə edib. O qeyd edib ki, sovet hakimiyyəti dağılandan sonra Şərqi Avropada yeni koalisiyaların yaranmasına, post-sovet ölkələrinin NATO və Avropa Birliyi kimi beynəlxalq təşkilatlara üzv olmasına şərait yarandı.

Almaniyalı ekspert bildirib ki, bundan sonra post-sovet ölkələri öz iqtisadiyyatlarını, siyasətlərini, təhlükəsizlik strukturlarını yenidən qurmağa başladı, lakin sovet hakimiyyəti dağıldıqdan sonra yaranan münaqişələr səbəbindən bir sıra ölkələrin təhlükəsizliyi ilə bağlı problemləri meydana çıxdı. A.Umland vurğulayıb ki, sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycan ilə Türkiyə arasında əlaqələr quruldu. O bildirib ki, Türkiyə NATO-nun üzvü olduğu üçün bu əməkdaşlıq təhlükəsizliyin təmin olunmasına öz təsirini göstərdi.

Daha sonra çıxış edən polşalı siyasi ekspert Adam Rixard qeyd edib ki, sovet rejimi dağıldıqdan sonra sovet qoşunları Polşadan çıxdı və Polşa NATO-ya qoşuldu: "Polşa özünün təhlükəsizlik strukturunu formalaşdırdı. Şərqi Avropa ölkələrinin təhlükəsizliyi Polşa üçün mühüm əhəmiyyət kəsb edir. Polşa təhlükısizlik məsələləri ilə bağlı qonşu ölkələrlə və tərəfdaşları ilə əməkdaşlığa böyük önəm verir".

A.Rixard vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı aqressiyası regionda təhlükəsizliyə təhdidlər yaradır. O bildirib ki, Polşa Rusiya ilə həmsərhəd olduğu üçün bu ölkənin də təhlükəsizliynə təhdidlər yaranır.

Siyasi ekspert əlavə edib ki, post-sovet ölkələrində mövcud olan münaqişələr, o cümlədən Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi təhlükəsizliyə təhdidlər yaradır: "Regionda təhlükəsizliyin təmin olunması üçün bu münaqişələr həll olunmalıdır".

Müzakirələrdə kibertəhlükəsizlik haqqında danışan estoniyalı ekspert Merle Maiqre bildirib ki, kibertəhlükəsizlik müasir dövrün əsas çağırışlarından biridir: "Bu məsələ üzərində xüsusi dayanmalıyıq. İnformasiya texnologiyaları həyatımızın bütün sahələrinə təsir edir. Biz hər gün telefonla danışırıq, bir-birimizə zəng edirik, internetdən istifadə edirik. Hər kəs kiberhücuma məruz qala bilər. Hətta siyasi məqsədlərin həyata keçirilməsi üçün də kiberhücumdan istifadə olunur. Kiberhücum fiziki hücum qədər təhlükəlidir. Bu baxımdan kiber təhlükəsizlik strategiyası hər bir ölkənin milli təhlükəsizlik strategiyasının bir hissəsi olmalıdır”.

Daha sonra müzakirələrdə çıxış edən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev icmanın fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, erməni işğalı nəticəsində bir milyondan artıq soydaşımız öz doğma torpaqlarından didərgin düşüb: “Baxmayaraq ki, biz ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışıq, onlar bizim ata-babalarımızın məzarlarını, abidələrimizi dağıdıb, münaqişə beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunduğu halda biz ermənilərlə birgə yaşayışa hazırıq”.

T.Gəncəliyev vurğulayıb ki, erməni icması başa düşməlidir ki, onların xoşbəxt yaşaması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər: “Əgər onlar xoşbəxt gələcək istəyirlərsə, azərbaycanlıların Dağlıq Qarabağa qayıtması təmin olunmalıdır. Biz geri qayıtmağa hazırıq. Biz, eyni zamanda erməni icması ilə konstruktiv danışıqlara hazırıq. Erməni icması bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar”.

Digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bildirib və tədbir müzakirələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti