...

Prezident İlham Əliyevin monteneqrolu həmkarı ilə görüşü olub

Siyasət Materials 14 Mart 2019 17:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşü olub.
Prezident İlham Əliyevin monteneqrolu həmkarı ilə görüşü olub

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşü olub.

Monteneqro Prezidenti Foruma dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu tədbir beynəlxalq müstəvidə duran məsələlərin müzakirəsi baxımından mühüm platformalardan biridir. Azərbaycanla əlaqələri yüksək qiymətləndirən Monteneqro Prezidenti birgə həyata keçirən layihələrin ikitərəfli münasibətlərin inkişafından xəbər verdiyini dedi.

Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında çox sıx siyasi-iqtisadi əlaqələr olduğunu və birgə uğurlu layihələrin həyata keçirdiyini vurğuladı. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında Monteneqronun iştirakının da təqdirəlayiq olduğunu, bu layihənin həyata keçirilməsinin ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracağını dedi. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanda müxtəlif nəqliyyat layihələri həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycanın nəqliyyat sisteminin Avropa ölkələri ilə əlaqələndirilməsi və xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ölkələrimiz arasında nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar yaradır. Dövlətimizin başçısı ölkələrimiz arasında turizm, qaz və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük imkanların və perspektivlərin olduğunu da dedi.

Monteneqro Prezidenti qeyd etdi ki, Azərbaycanı Monteneqroda dost ölkə hesab edirlər və Prezident İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi dəstək çox yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev Azərbaycanda da Monteneqroya böyük hörmətlə yanaşıldığını və Monteneqro ilə əlaqələrimizə mühüm əhəmiyyət verildiyini bildirdi.

Görüşdə, həmçinin ölkələrimiz arasında müqavilə-hüquq bazasının gücləndirilməsinə və digər sahələrin inkişafına dair geniş müzakirələr aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti