...

Ekspert: Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində aparıcı mövqeyə sahib olması aparılan strategiyanın uğurlu davamıdır

Siyasət Materials 29 Aprel 2019 16:54 (UTC +04:00)
“Bir kəmər, bir yol” layihəsi özünün nəhəngliyi ilə yanaşı, həm də dünya ölkələrinin iqtisadi siyasətinə yeni nəfəs verəcək bir ideyadır.
Ekspert: Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində aparıcı mövqeyə sahib olması aparılan strategiyanın uğurlu davamıdır

Bakı. Samir Əli - Trend:

“Bir kəmər, bir yol” layihəsi özünün nəhəngliyi ilə yanaşı, həm də dünya ölkələrinin iqtisadi siyasətinə yeni nəfəs verəcək bir ideyadır.

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri və layihə çərçivəsində irəli sürdüyü fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın belə bir möhtəşəm layihədə yer alması həm də ölkəmizin Çinlə əlaqələrinin möhkəm təməllərə söykənən reallığının nəticəsidir: “Bildiyimiz kimi, Çinin “Bir kəmər, bir yol” strategiyası əsasında formalaşan layihədə əhəmiyyətli ölkələr sırasında Azərbaycan da var və əbəs deyil ki, bu gün Cənubi Qafqazın ən sürətli inkişaf edən ölkəsi olaraq qiymətləndirilən Azərbaycanın geostrateji mövqeyi özündə mühüm maraqları birləşdirir".

Ekspert vurğulayıb ki, Çin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və ötən illər ərzində Azərbaycanın vacib ticarət tərəfdaşlarından birinə çevrilib: "Bu baxımdan “Bir kəmər, bir yol” layihəsi ənənəvi dostluq münasibətlərinə malik ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Çünki Azərbaycan layihəni ilk dəstəkləyən ölkələrdən biridir və indiyədək ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı çoxsaylı sazişlər imzalanıb”.

B.Quliyev bildirib ki, ölkəmizin belə bir mötəbər layihələrdə iştirakı həm də dünyaya açılan yeni imkanlarının göstəricisidir: “Belə ki, "Bir kəmər, bir yol” təşəbbüsü, eyni zamanda, bütövlükdə beynəlxalq aləmin iqtisadi sistemində yeni mərhələ kimi qiymətləndirilir. Bu, yalnız iqtisadi maraqlar deyil, həm də siyasi maraqların təminatında qlobal əhəmiyyət kəsb edən layihədir. Yalnız sabitliyin olduğu ölkələr bənzər layihələrdə seçilmişlər sırasında yer alırlar ki, onların arasında dinamik inkişaf yolunu tutan Azərbaycan da var”.

O, qeyd edib ki, bütövlükdə Azərbaycan-Çin münasibətlərinin başlanğıcı tarixi İpək Yolu vasitəsilə qoyulub:

"Ona görə də deyə bilərik ki, ölkəmizin bu layihədə aparıcı mövqeyə sahib olması aparılan strategiyanın uğurlu davamıdır. Qeyd etmək istərdim ki, Bakı-Tbilisi-Qars dəmir yolunun da daxil olduğu Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat Dəhlizi Azərbaycanın “Bir kəmər, bir yol” strateji layihəsinə ən böyük töhfəsidir. Əlbəttə ki, belə bir möhtəşəm siyasi-iqtisadi nailiyyətin əldə olunması həm də Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasi xətt yürütməsinin məntiqi nəticəsidir. Dövlətimizin başçısı tərəfindən atılan hər bir addım düşünülmüş, köklü məqsədlərə hesablanmış uğurlu siyasi strategiyadır və biz həmin strategiyanın ardıcıllığını, keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, eyni zamanda, nailiyyətlərini müşahidə edirik. Məhz “Bir kəmər, bir yol” layihəsi də bu nailiyyətlərin bariz sübutlarındandır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti