...

AŞ PA riyakarlıq siyasətindən əl çəkməlidir – Bəhruz Quliyev

Siyasət Materials 6 Fevral 2020 17:10 (UTC +04:00)
AŞ PA-nın istər Azərbaycana, istərsə də Türkiyəyə qarşı qərəzli, hətta ondan da artıq münasibət sərgiləməsi artıq bu qurumun reallıq deyil, məqsədyönlü iftiraçılıq üzərində fəaliyyət göstərməsini sübut edir.
AŞ PA riyakarlıq siyasətindən əl çəkməlidir – Bəhruz Quliyev

Bakı. Samir Əli - Trend:

AŞ PA-nın istər Azərbaycana, istərsə də Türkiyəyə qarşı qərəzli, hətta ondan da artıq münasibət sərgiləməsi artıq bu qurumun reallıq deyil, məqsədyönlü iftiraçılıq üzərində fəaliyyət göstərməsini sübut edir.

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə AŞ PA ilə bağlı irəli sürdüyü fikirlərini şərh edərkən deyib:

"Əbəs deyil ki, belə yanlış baxış adıçəkilən Avropa qurumunun nüfuzunu heçə endirib və əslində, onu da qeyd etmək istərdim ki, əgər AŞ PA Azərbaycana, yaxud Türkiyəyə qarşı etinasız yanaşırsa, bu zaman həmin qurumun hər hansı qərəzli münasibəti hər iki dövlət üçün sıfıra bərabərdir. Nə Azərbaycan dövləti, nə də qardaş Türkiyə bu kimi riyakar mövqe qarşısında əyilməyib, əyilməyəcək də”.

Bu baxımdan, AŞ PA-da deqradasiya prosesinin getdiyi artıq sübut olunub, bu qurumun beynəlxalq aləmdə nə nüfuzu, nə də siyasi-ictimai dəyəri qalmayıb”.

Siyasi ekspert vurğulayıb ki, müxtəlif adda “hesabatların” hazırlanmasında, “siyasi məhbus” və s. kimi böhtançı qətnamələrin hazırlanmasında ölkəmizi hədəf seçən AŞ PA işğalçı Ermənistanda həbsxanalarda siyasi məhbusların həyatlarını itirdiyi, qonşu Gürcüstanda etirazçılara qarşı sərt güc tətbiq edildiyi halda, hansı demokratiyadan dəm vurur: “Yaxud, AŞ PA nəyə görə Avropa ölkələrində, xüsusilə Fransada, Belçikada baş verən iğtişaşlarda həbs edilənləri siyasi məhbus elan eləmir? Hansı səbəbdən Ukraynanın sabiq Prezidenti Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi ilə iş açılır, AŞ PA buna susur. Niyə hədəf Azərbaycan və Türkiyədir? Çünki burada ölkələrimizin iqtisadi gücü, artan siyasi potensialı mövcuddur və bu güc artarkən, bəzi qüvvələr, xüsusilə AŞ PA-dakı qərəzli, şərbaz, ermənipərəst siyasətbazlar narahat olmağa başlayırlar. Ölkələrimiz regional gücdən beynəlxalq gücə çevrildikləri üçün bax bu cür riyakar, ikiüzlü, hətta deyərdim xristian klubu fonunda görünən amillər daha açıq formada biruzə verilməyə başlayır. Amma onlar təəssüflənməli olacaqlar. Bu gün Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir və əbəs deyil ki, cənab Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan AŞ PA-nın tələb etdiyi müddəalara əməl etməyəcək və bu qətiyyət ikili standartlara qarşı atılan addım kimi qiymətləndirilməlidir.

Əslində AŞ PA düşünməlidir ki, o, Azərbaycana lazım deyil, Azərbaycan ona lazımdır. Yox, əgər fərqli düşünəcəksə, bu zaman ölkə başçımızın da vurğuladığı kimi, Azərbaycan üçün bu qurumdan çıxmaq heç də çətin məsələ deyil. AŞ PA İlham Əliyevin bu fikirlərini diqqətə almalı, riyakarlıq siyasətindən əl çəkməlidir”.

Xəbər lenti

Xəbər lenti