...

Prezident İlham Əliyev: 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi. Bu, bizim üçün həyatda qalmaq layihəsi idi.

Siyasət Materials 28 Fevral 2020 22:01 (UTC +04:00)
1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması təkcə kommersiya layihəsi deyildi. Bu, bizim üçün həyatda qalmaq layihəsi idi
Prezident İlham Əliyev: 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi. Bu, bizim üçün həyatda qalmaq layihəsi idi.

Bakı. Trend:

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması təkcə kommersiya layihəsi deyildi. Bu, bizim üçün həyatda qalmaq layihəsi idi.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əiiyev Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan müstəqilliyini bərpa etmişdi. Lakin əfsuslar olsun ki, ölkə öz xalqı üçün normal həyat şəraitini təmin edə bilməmişdir. Tam yoxsulluq var idi, iqtisadiyyat durğunluq vəziyyətində idi. Bir çox mürəkkəbliklərə və böyük itkilərə gətirib çıxaran xaotik bir vəziyyət var idi. 1992-ci ildə vəziyyət daha da pisləşdi. O zaman hərbi çevriliş nəticəsində Xalq Cəbhəsi hakimiyyətə gəldi. Deyərdim ki, o zaman fəlakət vaxtı idi. Çünki birillik hakimiyyət Azərbaycanı uçuruma gətirdi. İqtisadiyyat tamamilə məhv edilmişdi, geniş vüsət almış korrupsiya faktiki olaraq bizim yeni əldə etdiyimiz dövlətçiliyimizi pozan amil idi. İnflyasiyanın səviyyəsi 1000 faizdən artıq idi. Ermənistanın işğalı, 1 milyondan çox qaçqın və məcburi köçkün - hesab edirəm ki, o zaman biz adambaşına düşən qaçqınların sayına görə birinci yerdə idik. Ermənistan qüvvələrinin bizim ərazilərimizin bir hissəsini işğal etdiyi zaman Xalq Cəbhəsi hökuməti vətəndaş müharibəsinə, bu korrupsioner rejim azərbaycanlılar arasında müharibəyə başladı. Əldə edilmiş dövlətçilik yenidən risk altında idi. Azərbaycan xalqı bu antimilli rejimi məhv edəndə və Heydər Əliyevi Bakıya dəvət edəndə müdriklik və cəsarət nümayiş etdirdi. 1993-cü ilin oktyabrından, Heydər Əliyev prezident seçiləndən sonra Azərbaycan sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymağa başladı. Beləliklə, həmin vaxtdan bəri ölkəmiz siyasi, iqtisadi və sosial sabitik vəziyyətində yaşayır. Regionumuzda və dünyadakı vəziyyətə nəzər yetirərkən, biz yeni münaqişələr, yeni qarşıdurmalar görürük. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır. Hesab edirəm ki, sabit və təhlükəsiz mühitdə yaşayış bizim siyasətimizin əsas nailiyyətlərindən biridir".

Onun sözlərinə görə, əlbəttə ki, dövləti qurmaq üçün əsas yollardan biri güclü iqtisadiyyatın yaradılması idi və xarici investisiyalar olmadan bu mümkün deyildi. "Ona görə də investisiya yatırmaq üçün xarici şirkətləri cəlb etməyimiz çox aydın idi, lakin haraya investisiya yatırılmalı idi? Xarici şirkətlərin maraq göstərə biləcəyi yeganə sahə neft sahəsi idi. Lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu, burada xarici şirkətlərin nümayəndələri özlərini çox narahat hiss edirdilər, onlar üçün hətta qala biləcəkləri normal otellər mövcud deyildi. Əlbəttə ki, bu vəziyyətdə investisiyaları cəlb etmək asan vəzifə deyildi. Lakin biz bunu edə bildik və 1994-cü ilin sentyabr ayında "Azəri-Çıraq-Günəşli" yataqları üzrə müqavilə Azərbaycan və xarici şirkətlərdən ibarət konsorsium tərəfindən imzalandı. Bu, bizim tərəqqiyə, çiçəklənməyə və inkişafa doğru yolumuzun əvvəli idi", - Prezident İlham Əliyev bildirib.

Ona görə də Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb, dövlət başçısı əlavə edib. "Keçmişdə - Azərbaycan müstəqil olmadığı zaman, bildiyiniz kimi, ilk dəfə neft Bakıda çıxarılıb və dünyadakı ilk quyu bəlkə də buradan 10 kilometr məsafədə yerləşir. Lakin xalqımız bundan faydalana bilmirdi. Çünki Azərbaycanın müstəqil olmadığı zamanlarda 1 milyard tondan çox neft hasil edilmişdir. Əgər həmin vaxt Azərbaycan müstəqil olsa idi, biz bu gün dünyada ən varlı və çiçəklənən ölkələrdən biri ola bilərdik. Lakin həmin təbii sərvətlər Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Yalnız biz müstəqil olduqdan sonra bu, baş verdi. Bu günün Azərbaycanı bunun aydın nümunəsidir. Ona görə də 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması təkcə kommersiya layihəsi deyildi. Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi. Bundan sonra Azərbaycana maraq artdı və 1996-cı ildə "Şahdəniz" sazişi imzalandı. Həmin vaxt qaz ölkələrin enerji təhlükəsizliyində o qədər də vacib amil deyildi. Ona görə də "Şahdəniz" sazişinin imzalanması 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" kontraktının imzalanması qədər vacib hesab olunmurdu. Lakin bu günün reallıqları onu göstərir ki, onu vaxtında etmək necə də müdrik addım olub", - Prezident İlham Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti