...

Leyla Abdullayeva: Vətəndaşlarımızın Azərbaycana geri dönüşü qeydiyyatdan keçmə ardıcıllığına əsasən aparılır

Siyasət Materials 20 May 2020 15:27 (UTC +04:00)
Leyla Abdullayeva: Vətəndaşlarımızın Azərbaycana geri dönüşü qeydiyyatdan keçmə ardıcıllığına əsasən aparılır

Bakı. İlhamə İsabalayeva – Trend:

Rusiyada müvəqqəti olan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarımızın Azərbaycana geri dönüşünün təşkili, bu vətəndaşların biletinin olub-olmaması ilə deyil, www.evegedirem.info xüsusi portalından qeydiyyatdan keçmə ardıcıllığına əsasən aparılır.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, geri qayıdış üçün qeydiyyatdan keçən vətəndaşın bileti yoxdursa, onun tərəfindən bilet alınır. Bileti olanlar isə ölkəmizə geri qayıda bilirlər.

L.Abdullayeva qeyd edib ki, "Evə gedirəm" portalından qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, vətəndaşlara SMS-lə məlumat verilir və onların geri qayıdışı təmin olunur:

“Vətəndaş quru yolu seçibsə, o, quru yolla, hava yolunu seçibsə, hava yolu ilə təşkil olunan çarter reysi ilə geri qayıdır. Geri qayıdışın təşkili zamanı, əlbəttə, bu və ya digər ölkədə olan və diplomatik nümayəndəliklərimizdə qeydiyyatdan keçən vətəndaşlarımızın müraciətləri əsas götürülür. Burada ən vacib məsələlərdən biri ölkədəki karantin yerlərinin, eləcə də logistik təminatın həyata keçirilməsinin və tibbi personalın fasiləsiz fəaliyyətinin nəzərə alınmasıdır. Çünki xaricdən gətirilən hər bir vətəndaş karantində saxlanıldığı üçün onların gətirilməsi prosesi ölkədəki karantin yerlərinin buna hazırlığı ilə əlaqəli şəkildə həyata keçirilir”.

L.Abdullayeva əlavə edib ki, Avropa, MDB və digər dövlətlərdəki Azərbaycan vətəndaşlarının da geri gətirilməsi üçün çarter reyslərinin təşkili nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti