...

“Şərqin ilk Demokratik Respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda onlayn tədbir keçirilib

Siyasət Materials 29 May 2020 12:39 (UTC +04:00)
“Şərqin ilk Demokratik Respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda onlayn tədbir keçirilib

Bakı. Trend:

Ombudsmanın Gəncə Regional Mərkəzi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə “Şərqin ilk Demokratik Respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda onlayn tədbir keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarını 28 May - Respublika Günü münasibətilə təbrik edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov 18 iyun Milli İnsan Hüquqları günü ərəfəsində Müvəkkil Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunan 18 may - 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində aidiyyəti dövlət və qeyri-dövlət qurumları tərəfindən ölkənin bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirildiyini qeyd edib. O, bəhs olunan onlayn tədbirin də “İnsan Hüquqları Aylığı” çərçivəsində 28 May – Respublika Gününə həsr olunduğunu bildirib.

Vurğulanıb ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin şanlı səhifələrindən biri, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi kimi olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycan dövləti Cümhuriyyət tarixi və dəyərlərinə böyük ehtiramla yanaşır, AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə atılmış addımlar, qəbul edilmiş qərarlar, imzalanmış sərəncamlar da bunun bariz nümunəsidir.

Tədbirdə çıxış edən Gəncə Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Amil Qurbanov, Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rəşad Əlizadə Xalq Cümhuriyyətinin yaranmasının əhəmiyyətinə, həmin dövrdə mövcud olan tarixə və ictimai-siyasi şəraitə nəzər salıblar.
Tədbirdə, həmçinin son dövrlərdə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, cəza siyasətinin humanistləşdirilməsi, hüquq müdafiə mexanizmlərinin fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli təmininə yönəlmiş institusional islahatlar nəticəsində əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb, Ombudsman tərəfindən elan olumuş “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən hüquqi maarifləndirmə tədbirlərinin əhalinin hüquqi məlumatlılığının artırılmasında əhəmiyyətli rol oynadığı bildirilib.

Tədbirdə iştirak edən gənclər mövzu ilə bağlı fikirlərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti