...

Şəbnəm Həsənova: Trampın sosial şəbəkələrlə bağlı qərarı düzgündür və dəstəklənməlidir

Siyasət Materials 31 May 2020 10:58 (UTC +04:00)
Şəbnəm Həsənova: Trampın sosial şəbəkələrlə bağlı qərarı düzgündür və dəstəklənməlidir

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb. Eyni zamanda ABŞ Prezidenti “Twitter”in bağlanmasının mümkünlüyünün də istisna hal təşkil etmədiyini vurğulayıb. O bu qərarını söz azadlığını əsas təhlükələrdən birindən qorumaq kimi izah edib. Tramp tərəfindən imzalanan sənəd, ABŞ-da, xüsusən də sosial şəbəkələrdə davranış qaydalarını müəyyən edən “Kommunikasiya Müdafiə Aktı”nın 230-cu bəndinin ləğvi ilə bağlıdır. Bu paraqraf böyük texnologiya şirkətlərini yaratdıqları platformalarda yerləşdirilən mesajların məzmununa görə məsuliyyətdən azad edirdi.

Məsələn, “Twitter” və “Facebook” kimi şirkətlər böhtan, şərəf və ləyaqətin müdafiəsi üçün mümkün məhkəmə iddialarından qorunurdu. Trampın mövcud qərarından sonra məsələ dəyişəcək və bu qanun ilə tənzimlənəcək. Daha dəqiq desək, sosial şəbəkələr öz platformalarında yayılan informasiyalarn məzmununa görə məhkəmə qarşısında məsuliyyət daşıyacaqlar.

Dünyada sosial şəbəkələrlə bağlı mövcud vəziyyət Prezident Trampın fikirlərinin və qərarının tam əsaslı olduğundan xəbər verir. İndiki dövrdə sosial şəbəkələr söyüş, qeyri etik davranış, terrora, qarşıdurmaya çağırış məkanına çevrilib. Ölkələrdə sabitliyin pozulması prosesi də buradan idarə olunur.

Azərbaycanın milli təhlükəsizliyi də bu məsələdən mənfi şəkildə təsirlənir. Belə ki, Azərbaycana qarşı müxtəlif kampaniyalar, məkrli planlar təşkil olunur, terror çağırışları edilir. Bunun qarşısı alınmalıdır. Sosial şəbəkələrdəki mövcud məsuliyyətsizlik artıq real təhdidə çevrilib. Bu gün biz sosial şəbəkələr vasitəsilə hakimiyyətlərin qeyri-qanuni yolla ələ keçirilməsi, konstitusion quruluşların zorla devrilməsinə çağırışların şahidi oluruq. Bu isə dövlətlərin milli təhlükəsizliyinə birbaşa və ciddi təhdiddir ki, bu da yolverilməzdir.

Bu səbəbdən də bu istiqamətdə olan özbaşınalığı dayandırmağın vaxtıdır. Bütün bu amilləri nəzərə alaraq düşünürəm ki, Trampın qərarı və mövqeyi tamamilə düzgündür və dəstəklənməlidir. Lakin bu məsələ lokal səviyyədə həll olunmamalıdır. Zənnimcə, beynəlxalq və ölkələr səviyyəsində tənzimləmə aparılmalıdır. O cümlədən də Azərabaycanın bu istiqamətdə qabaqlayıcı tədbirlər görməsinin zamanıdır. Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunların qəbulu artıq labüddür.

Politoloq Şəbnəm Həsənova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti