Bakı. Trend:
Qarşı tərəfin təşəbbüsü ilə Xarici İşlər naziri Elmar Məmmədyarovun Surinam Respublikasının Xarici İşlər naziri Yldiz Pollak Beigle ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər mövcud qlobal vəziyyətə toxunaraq, ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi apardılar və bu xüsusda, qarşılıqlı dəstək və həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğuladılar.
Surinam Respublikasının Xarici İşlər naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə COVID-19 virusuna qarşı mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiyini bildirdi.u
Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs etdilər və bu istiqamətdə birgə səylərin artırılmasına dair razılıq ifadə edildi.
Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları, həmçinin bu sahədə mütəxəssislərin hazırlanmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdilər.
Nazir Yldiz Pollak Beigle Azərbaycan ilə Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırdı və Bakıya səfəri zamanı ADA Universitetində tanışlığını məmnunluqla xatırladı.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.