Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri cənab Onno Kerversi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfir Onno Kervers diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərinin hazırkı vəziyyəti, iqtisadi, ticarət, habelə siyasi əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində məmnunluqla danışdılar.
Tərəflər, eyni zamanda hazırda dünyanın üzləşdiyi pandemiya ilə mübarizə məsələləri və bu xüsusda dövlətlər tərəfindən həyata keçirilən tədbirlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi apardılar.
Elmar Məmmədyarov səfir Onno Kerversi ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.