...

Aydın Quliyev: Ermənistanın son təcavüz addımları Azərbaycanda milli birlik və güclü həmrəyliyi bir daha nümayiş etdirdi

Siyasət Materials 15 İyul 2020 23:23 (UTC +04:00)
Aydın Quliyev: Ermənistanın son təcavüz addımları Azərbaycanda milli birlik və güclü həmrəyliyi bir daha nümayiş etdirdi

Bakı. Samir Əli - Trend:

Ermənistanın son təcavüz addımları Azərbaycanda milli birlik və həmrəyliyin gedərək gücləndiyini bir daha nümayiş etdirdi.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, cəmiyyətimizdə baş qaldıran fəal vətənpərvərliyin yeni dalğası növbəti dəfə göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasında hakimiyyətlə cəmiyyət, dövlətlə siyasi qüvvələr əsasən eyni mövqedən çıxış edirlər: "Təcavüzkara qarşı ictimai-siyasi həmrəylik Azərbaycan dövlətinin tükənməyən güc mənbəyidir. Gənclərin könüllü olaraq döyüşə getmək istəyi, ictimaiyyətin ordu ilə həmrəylik addımları, şəhidlərin xatirəsinin elliklə əziz tutulması və Ali Baş Komandana hamılıqla etimad bu gücün ən parlaq ifadə formalarıdır.

Ancaq çox təəssüf ki, milli təəssübkeşlikdən məhrum və öz siyasi ambisiyalarını ümummilli mənafelərdən üstün tutanlara az da olsa hələ də rast gəlinir. Polisə müqavimət və zorakılıq tətbiqinə çağırışlar, mühüm dövlət idarələrinə qarşı yolverilməz hərəkətlər Azərbaycanda milli birliyi və həmrəyliyi parçalamaq istəyənlərin hələ də qaldığını göstərir".

Ekspert bildirib ki, Azərbaycanda xüsusən xarici təcavüzə qarşı xalqla hakimiyyətin birliyinə qarşı pozucu mövqe tutmaq ümummilli həmrəylikdən narahat olanlara xas davranışlardır: "Bəzi qüvvələr Azərbaycanı ötən dövrlərin xaos və siyasi dağınıqlıq mərhələsinə qaytarmaq istəyirlər. Siyasi ambisiyalarını hər şeydən üstün bilən bu dairələr öz məqsədlərinə yalnız bulanıq siyasi mühitlərdə çata biləcəklərini düşünür və bunun naminə ən ali ümumi dəyərləri belə ayaq altına qoymağa çalışırlar. Ümumxalq həmrəyliyinə qarşı pozucu mövqe tutanların Azərbaycan xalqına və dövlətə heç bir mənəvi-ruhi bağlılığı yoxdur və ola bilməz. Müxtəlif qanunsuz davranışlara yol verənlərin sifarişlər icra etdiklərinə heç bir şübhə yoxdur. Azərbaycan xalqının həmrəylik və birlik nümayişi özünü güclü bir hərəkat kimi göstərir. Bu, ümumxalq hərəkatının ruhuna zidd addımlar atanlar ilk növbədə şəhidlərin ruhuna və milli mənafelərə düşmən mövqe tuturlar.

Baş verən hadisələr Azərbaycan cəmiyyətinin dövlət siyasəti ətrafında həmrəyliyinə xalqın əvəzsiz sərvəti kimi baxıldığını bir daha göstərdi. Ali Baş Komandan ətrafında geniş ictimai-siyasi birliyi başqa istiqamətlərə çəkmək istiyənlərə qarşı ictimaiyyətin özünün yerindəcə etirazları çox əhəmiyyətlidir. Bu onu göstərir ki, xarici təcavüzə qarşı ümumxalq həmrəyliyinin ən güclü dayağı məhz Azərbaycan xalqının özüdür, yetkin siyasi qüvvələrdir və vətənpərvər gənclərdir.

Ali Baş Komandanın ətrafında milli birlik və həmrəylik ordumuzun gücünü dəfələrlə artıran faktordur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti