Bakı. Trend:
Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın törətdiyi hərbi təxribatları və Dağlıq Qarabağın indiyədək erməni işğalından azad olunmadığını kəskin şəkildə pisləyənlər arasında ölkəmizlə dostluq əlaqələri olan cəmiyyətlər də var.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yaydıqları bəyanatlarda uzun illərdir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı və təcavüzkar siyasətə, ölkəmizin kobudcasına pozulmuş ərazi bütövlüyünün hələ də bərpa olunmamasına, dünyanın bir sıra ölkələrində son hərbi təxribatlara etiraz edən azərbaycanlıların, Ermənistanın işğalçı mahiyyətini ifşa etdiklərinə görə, Los-Anceles və Brüssel şəhərlərində ermənilərin azğın və quldur dəstələrinin hücumlarına və zorakı əməllərinə məruz qaldıqlarına diqqət cəlb edilib.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, bəyanatda Los-Ancelesdəki çinayət zamanı 3 min erməninin 50 azərbaycanlıya hücum edərkən "ASALA” (“Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu”) sözü yazılmış köynəklərdə olduğu vurğulanıb. Yaponiya ictimaiyyətinin nəzərinə çatdırılıb ki, "ASALA" ermənilərin terrorçu təşkilatı kimi dünyada tanınıb.
Sənəddə Ermənistan dövlətindən Azərbaycana qarşı işğalçı siyasətini dayandırması, qonşu dövlətlərin ərazilərinin işğalı yolu ilə “böyük Ermənistan dövləti”nin yaradılmasına xidmət edən xülyasından əl çəkməsi tələb edilib. Azərbaycan icmasının üzvləri yapon parlamentarilərini sayıqlıq nümayiş etdirməyə, erməni terrorunun qarşısını almağa, Yaponiyada və dünyanın istənilən nöqtəsində təcavüz aktlarını pisləyən bəyanatlarla çıxış etməyə çağırıblar.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov isə bildirib ki, mütərəqqi qüvvələr yaranmış vəziyyətlə bağlı susmamalı, Azərbaycana qarşı illərdir davam edən bu işğalçı siyasətə qarşı səslərini ucaltmalı, baş verənləri yaşadıqları ölkələrin hökumətlərinin, parlamentlərinin və ictimaiyyətlərinin diqqətinə çatdırmalıdırlar.
Professor qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib. "Bu, bir ölkənin digər qonşu ölkəyə açıq ərazi iddiası və təcavüzüdür. Azərbaycanın 20 min günahsız dinc sakini erməni zorakılığının qurbanı olub. Bu təcavüz nəticəsində 50 min nəfər isə əlil olub və 4866 nəfər itkin düşüb. Ermənistan tərəfindən bu cür təcavüzə, qanlı hadisələrə heç bir şəkildə əsas tapıla bilməz. Üstəlik, beynəlxalq hüququn prinsiplərinə görə, mülki və dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırım və cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verilməlidir. Mən Özbəkistanın elm və ictimai xadimi kimi Azərbaycan xalqının bu ağrıları ilə çoxdan tanışam və erməni tərəfinin təcavüzkar hərəkətlərini kəskin şəkildə qınayıram", - deyə E.Nuriddinov bildirib.
Alim hesab edir ki, münaqişənin yeganə həlli Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. "Biz – dünya birliyi əgər bu ədaləti bərpa etməsək, gələcəkdə bu cür təcavüzlər, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək və daha da kəskinləşəcək. Bir daha bəyan edirəm ki, ədalətin gec-tez zəfər çalacağına, bir milyona yaxın mülki, dinc azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılacağına, sülhün regionda bərqərar olacağına inanıram. Çünki həqiqət daim zəfər çalır. Bu ağır günlərdə Azərbaycan xalqına baş vermiş hadisələrə görə başsağlığı verir, səmimi dəstəyimi və duyğularımı çatdırıram", - deyə professor əlavə edib.