...

Prezident İlham Əliyev: Azərbaycan-Yunanıstan əməkdaşlığına mənfi təsir göstərən məsələlərdən biri “DESFA” şirkəti ilə əlaqədardır

Siyasət Materials 2 Sentyabr 2020 19:00 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan-Yunanıstan əməkdaşlığına mənfi təsir göstərən məsələlərdən biri “DESFA” şirkəti ilə əlaqədardır

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.

Trend Prezident İlham Əliyevin görüşdəki çıxışından əsas məqamları təqdim edir.

“Düşünürəm ki, əməkdaşlığımıza mənfi təsir göstərən bir neçə məsələ olub. Onlardan biri Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədardır. Deyə bilərəm ki, bizim enerji şirkətimiz SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında “DESFA”nı almaq üçün tenderə qoşuldu. SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıstanın sabiq Baş Naziri cənab Samaras şəxsən məndən xahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu, təxminən 6 il bundan əvvəl olub. Həmin vaxt əlbəttə ki, biz Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi, sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz avans ödənişi etdik, qiymətin 10 faizini təşkil edən 40 milyon avronu və 4 il ərzində - 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi”.

“Mən təkrar etmək istərdim ki, bu legitim hüququ biz ilkin olaraq Yunanıstanın Baş Nazirinin təklifi əsasında, açıq və rəqabətli tender proseduru zamanı əldə etdik, lakin siyasi səbəblərdən, Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən bu legitim hüquqdan məhrum olduq. Sözsüz ki, bu, bizim artıq aşağı səviyyədə olan əlaqələrimizə ciddi təsir etdi. Lakin ondan sonra açığını desək biz qərara gəldik ki, əgər Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünməliyik. Bizim cavabımız faktiki olaraq heç nə etməmək idi. Biz heç bir demarş etmədik. Biz heç bir diplomatik addım atmadıq”.

“Beləliklə, bu, çox məyusedici məsələ idi və əlbəttə ki, düşünürəm, bizim əlaqələrimizə ciddi təsir etdi. Lakin yenə də deyirəm, bu, Azərbaycanın təşəbbüsü deyildi. Azərbaycan hər zaman əlaqələrin inkişafını dəstəkləyib və yeri gəlmişkən, siz sözsüz ki, bilirsiniz, TAP Azərbaycan qazının nəqli üçün yeganə variant deyildi. Azərbaycan qazının Türkiyə ərazisinə çatandan sonra nəql olunması üçün bir neçə variant var idi. Fərqli istiqamətdə ola bilərdi. Lakin TAP-ın seçilməsi həm də investorlar, xarici neft şirkətləri və Azərbaycan tərəfindən verilmiş qərar idi. Başqa sözlə, biz öz tərəfimizdən Yunanıstana müsbət jest etdik. Lakin əvvəlki hökumət hakimiyyətə gələndən sonra, mən bunu xüsusilə vurğulamaq istəyirəm, çünki keçmiş Siriza hökuməti hakimiyyətə gəlməmişdən əvvəl bizim əvvəlki Yunanıstan hökumətləri ilə çox yaxşı münasibətlərimiz olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti