Bakı. Trend:
Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumat yalandır, heç bir əsası yoxdur və növbəti dezinformasiyadır.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
V. Dərgahlı qeyd edib ki, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir:
"İşğal altında olan torpaqlarımız azad olunur. Bu danılmaz bir faktdır. Hazırda bütün cəbhə boyu, o cümlədən cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir. Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır".