Bakı. Trend:
Qətər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunlar çərçivəsində həllinin tərəfdarıdır.
Trend-in məlumatına görə, bu mövqeyi Qətərin Azərbaycandakı səfiri Feysal Abdulla Al-Henzab Milli Məclisin deputatı Sevil Mikayılova ilə keçirilən görüşdə bildirib.
Görüşdə S.Mikayılova Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixdən Azərbaycana qarşı başladığı genişmiqyaslı hücum əməliyyatları haqqında səfirə ətraflı məlumat verib.
Millət vəkili vurğulayıb ki, Ermənistanın son dövrlər ərzində Azərbaycana qarşı təxribatları intensiv xarakter almışdı və düşmən tərəf Azərbaycanı müharibəyə cəkmək üçün bütün vasitələrə əl atdı. S.Mikayılova qeyd edib ki, Ermənistan beynəlxalq qanunları pozaraq Azərbaycanın mülki əhalisini və mülki obyektləri də atəşə tutmağa davam edir və sentyabrın 27-dən indiyə qədər 30-dan çox mülki vətəndaş həlak olub, 150-ə yaxın insan yaralanıb.
Cəbhə bölgəsində son günlərdə vəziyyətin gərginləşməsindən və mülki əhalinin atəşə tutulmasından narahatlığını ifadə edən diplomat Azərbaycanın bu mübarizədə haqlı olduğunu diqqətə çatdırıb və beynəlxalq qanunların Azərbaycanın tərəfində olduğunu vurğulayıb.
Qətər səfiri bildirib ki, Ermənistan tərəfinin Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxın bir müddətdə işğal altında saxlaması və torpaqların azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi qəbuledilməzdir və beynəlxalq qanunlara ziddir:
“Öz torpaqlarını işğaldan azad etmək Azərbaycanın beynəlxalq qanunlar tərəfindən tanınan hüququdur. İnanırıq ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq”.
Qətərin beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayan səfir həmçinin beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırıb.
Qətərlə Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edən səfir ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə əminliyini ifadə edib.