...

İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib (FOTO)

Siyasət Materials 21 Oktyabr 2020 18:59 (UTC +04:00)
İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə hazırda ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyanın prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə görüşüb.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, görüş zamanı Sədr Ermənistan hərbi qüvvələrinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərini pozmaqla Azərbaycan Respublikasının ərazisinə növbəti silahlı basqınının qarşısının alınması məqsədi ilə Azərbaycan silahlı qüvvələri tərəfindən uğurlu əks-hücum əməliyyatlarının davam etdirildiyini qeyd edib.

F.Abdullayev Azərbaycan tərəfindən hərbi əməliyyatların beynəlxalq humanitar hüquq normalarının tələblərinə uyğun olaraq aparılmasına, azad edilmiş ərazilərdə yaşayan şəxslərə hər cür yardımın göstərilməsinə baxmayaraq, geri çəkilməyə məcbur olan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın döyüş bölgəsindən uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini qadağan olunmuş silahlardan intensiv atəşə tutduğunu bildirib. Qeyd olunub ki, düşmənin mülki əhaliyə hədəflənmiş raket zərbələri nəticəsində 27 sentyabr tarixindən etibarən 63 mülki şəxs həlak olmuş, 292 nəfər yaralanmış, mülki infrastruktura ciddi ziyan dəymişdir.

Sədr Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın mülki əhalisinə qarşı apardığı terror siyasətinin insanlıq əleyhinə ağır cinayət olduğunu vurğulayaraq, bütün konstitusiya nəzarəti orqanlarını, eləcə də bütün beynəlxalq təşkilatları bu əməlləri qınamağa və hüquqi qiymət verməyə çağırdığını bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Şərəf Malkoç Ermənistan silahlı qüvvələrinin təcavüzkar siyasətini qətiyyətlə pisləyərək, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu qeyd edib. Şərəf Malkoç eyni zamanda, qarşılıqlı əməkdaşlığa böyük önəm verdiyini bildirib və Azərbaycan Ombudsmanı ilə səmərəli əməkdaşlığı barədə danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti