...

Beynəlxalq təşkilatlar sözdə yox, əməldə addımlar atmalıdır ki, belə islah olunmaz bir düşmənə yerini göstərsin - Deputat

Siyasət Materials 3 Noyabr 2020 20:46 (UTC +04:00)
Beynəlxalq təşkilatlar sözdə yox, əməldə addımlar atmalıdır ki, belə islah olunmaz bir düşmənə yerini göstərsin - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın mülki əhalini hədəf alması, törətdiyi terror əməlləri beynəlxalq müstəvidə kəskin tənqid hədəfinə tuş gəlib. Azərbaycanın hərblə yanaşı, digər cəbhələrdə də Ermənistanı geridə qoyması, dünyaya haqq səsini çatdırması artıq beynəlxalq təşkilatları da bu əməllərə reaksiya verməyə məcbur edib.

Bunu deputat Vüqar İskəndərov Trend-ə müsahibəsində deyib. Onun sözlərinə görə, bunun nəticəsidir ki, artıq BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçalet Ermənistanı mülki əhalini hədəf almaqdan çəkinməyə çağırıb: "Çıxışında Mişel Baçalet humanitar atəşkəs dövründə Ermənistanın bilərəkdən mülki əhaliyə qarşı terrorçuluq əməlləri törətməsinin, kasetli bombalardan istifadəsinin beynəlxalq humanitar hüququn prinsiplərinə zidd olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Ancaq yaxşı olardı ki, BMT rəsmisi yalnız bu çağırışlarla işini yekunlaşdırmayardı. Çünki biz illərdir artıq bu cür münasibətlərin heç bir nəticəyə varmayacağının şahidi olmuşuq. Beynəlxalq təşkilatlar sözdə yox, əməldə addımlar atmalıdır ki, belə islah olunmaz bir düşmənə yerini göstərsin”.

Deputat, həmçinin bildirib ki, ötən gün Vyanada törədilən terror hadisəsini bütün dünya mediası gündəm mövzu edib: “Əlbəttə biz hər bir terror hadisəsini pisləyirik. Ancaq nəzərə alaq ki, həmin hadisədə cəmi bir neçə nəfər ölüb və yaralanıb. Ancaq Ermənistanın bir ay ərzində bizim 100-ə yaxın mülki vətəndaşımıza qarşı törətdiyi terror hücumlarını demək olar ki, əksər dünya mediası heç işıqlandırmadı da. Bu da bir daha onu göstərir ki, dünyaya dərs keçən, özlərini tərəfsiz media olaraq göstərən bu media qurumları da özlərinə lazım olan vaxtlarda tərəf tuta bilirlər. Ona görə biz hər bir cəbhədə vuruşmalıyıq ki, dünyaya öz həqiqətlərimizi öz gücümüzlə çatdıraq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti